RU

Koxalski: “Bir gün Premyer Liqada oynamaq istərdim” (MÜSAHİBƏ)

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, qolkiper komandanın durumundan, Çempionlar Liqasındakı oyunlarından və Azərbaycandakı karyerasından danışıb:

– Tezliklə Çempionlar Liqasının əsas mərhələsində oynayacaqsınız…

– Bir az şokdayam, amma çoxdan bilirəm ki, futbolda nəyisə istisna etmək olmaz. Hər şey ildırım sürətilə dəyişir. 2022-ci ildə “Radomiak”da debüt etdim. İlk oyunda “Krayova”ya 0:1 hesabıyla uduzmuşduq və çox məyus olmuşdum. Cəmi iki il sonra isə “Qarabağ”la Avropa Liqasında oynayırdım. Debüt matçında Londonda “Tottenhem”lə 50 min azarkeş qarşısında meydana çıxdım. “Qarabağ”la çoxlu təcrübələr qazanmışam.

– Polşalı futbolçunun Çempionlar Liqasına Azərbaycan klubu ilə yüksəlməsi həmin yarışa Ekstraklasadan çıxmasından daha realdır?

– “Stal Mieleç”də oynayarkən Polşa klublarından heç bir təklif almamışdım. Tək təklif “Qarabağ”dan gəlmişdi. İndi bu komandada həm ölkə daxilində ən yüksək hədəflər uğrunda mübarizə aparıram, həm də Avropa turnirlərində çıxış edirəm. Bu isə mənim idmançı kimi inkişafımı təmin edir. “Qarabağ”da ən böyük arzularımı gerçəkləşdirirəm.

Polşadan dörd komandanın Konfrans Liqasına vəsiqə qazanmasına çox sevinirəm. Amma gəlin açıq danışaq, Çempionlar Liqası ən azı iki pillə yuxarıdır. Polşanın tezliklə bu turnirdə yenidən təmsil olunacağına inanıram. İndi isə mən öz tariximi “Qarabağ”la birlikdə yazıram. “Benfika” ilə səfərdə başlayırıq, ardınca “Kopenhagen”, “Atletik”, “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul” gəlir. Bu, sadəcə gözəldir və mənim ən çətin anlarda təslim olmadığım üçün qazandığım bir mükafatdır.

– “Qarabağ”ın uğurunun sirri nədir?

– Bu, şübhəsiz ki, illərdir komandaya rəhbərlik edən Qurban Qurbanovun adı ilə bağlıdır. O, hücum futboluna, pressinqə və futbolçuların təşəbbüskarlığına üstünlük verir. Rəqibin gücündən asılı olmayaraq, daim hücum etməyə çalışırıq. Deyirlər ki, bizi “Azərbaycanın Barselonası” adlandırırlar, amma biz “Qarabağ”ıq. Komandadakı atmosfer əladır, baxmayaraq ki, oyunçular müxtəlif ölkələrdəndir. Komanda yoldaşlarımla əsasən ingiliscə danışıram, bir az da rusca öyrənirəm. Əsas odur ki, bizi futbol dili birləşdirir. Heç bir təzyiq hiss etmirəm. Azarkeşlər bilir ki, əlimizdən gələni edirik. Ötən mövsüm Avropa Liqasındakı çıxışımıza görə azarkeşlər məyus oldu, elə biz özümüz də. Amma ölkə çempionu olmaqla və Çempionlar Liqasına yüksəlməklə bunu kompensasiya etdik. Bu uğur sayəsində yerli azarkeşlər yəqin ki, öz milli komandalarının da inkişaf edəcəyinə inanacaqlar. Əslində, keyfiyyətli futbolçular az deyil. Fernandu Santuş sentyabrda İslandiya və Ukrayna ilə oyunlara “Qarabağ”dan yeddi futbolçunu milliyə çağırdı. Çempionlar Liqasında iştirak Azərbaycan futbolçularının xaricə transferi baxımından da müsbət təsir göstərəcək. İnanıram ki, bir çoxu güclü liqalarda da özünü göstərə bilər.

– Polşa millisindən dəvət gözləyirdin?

– Millidə oynamaq arzum var. Amma bu mövqedə rəqabət inanılmaz dərəcədə güclüdür. İyun ayında milliyə çağırılmışdım, indi isə adım siyahıda yox idi. Amma bu, ümidlərimi puç etmir. Daim səylə çalışıram və qazandığım uğurlarla kifayətlənmək fikrim yoxdur.

– Azərbaycanda həyat necədir?

– Əvvəl Bakının mərkəzində yaşayırdım, amma indi sakitlik üçün kənarda daha böyük mənzilə köçdüm. Şəraitim əladır, futbola köklənə bilirəm. Azərbaycan mətbəxi xoşuma gəlir. Düzdür, nəqliyyat bir az stress yarada bilər, bəzən bazaya getəndə əsəbişlərim, yollarda sürücülər sakit olmurlar. Eşitmişəm ki, mübahisəli məsələləri müxtəlif yollarla həll edirlər, xoşbəxtlikdən mənim başıma gəlməyib.

– Azərbaycana turist kimi gəlməyi tövsiyə edirsən?

– Əlbəttə, Bakı çox gözəl şəhərdir. Burada doğrudan da görməli yerlər çoxdur, sadəcə elə vaxtda gəlmək lazımdır ki, çox isti olmasın. “Qarabağ”ın Çempionlar Liqasında böyük komandaları Bakıda qəbul etməsi turistlərin də marağını çəkəcək.

– Çox yaxşı oynasan, “Qarabağ” səni xarici kluba buraxacaq?

– Görəcəyik. Hər şey mümkündür. Bir gün İngiltərə Premyer Liqasında oynamaq gözəl olardi. İndi Premyer Liqa komandalarına qarşı oyunlarda özümü göstərmək üçün möhtəşəm bir fürsətim olacaq. Vəziyyəti düzgün dəyərləndirmək üçün əlimdən gələni edəcəyəm. Daim yerə möhkəm basıram və futbol macəramın bu qədər rəngarəng olmasına sevinirəm. “Lublin”in yetirməsi olaraq “Stal Mieleç”də bir mövsüm keçirdikdən sonra Çempionlar Liqasına düşdüyüm bir kluba gəlməyim böyük hadisədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
futbolpress.az

1Источники