RU

Təhlükəsiz gələcək və dayanıqlı həyatın qarantı -ANAMA

Agentlik nümayəndəsi: Cəmiyyətin dəstəyi yalnız təhlükəsizlik mədəniyyətinin güclənməsinə deyil, həm də işğaldan azad olunmuş ərazilərin daha sürətli bərpasına və mina təhlükəsindən azad, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin qurulmasına xidmət edir

Azərbaycanın işğaldan azad olunmuş torpaqları bu gün təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də təhlükəsizlik mübarizəsi ilə gündəmdədir. Qarşıda duran ən böyük çağırış – minalardan və partlamamış hərbi sursatlardan ərazilərin təmizlənməsi – insan həyatının qorunması, dayanıqlı inkişafın təmin olunması və Böyük Qayıdış proqramının reallaşdırılması üçün həlledici amildir. Bu missiyanın önündə isə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) dayanır.

Agentliyin Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov “İki sahil” qəzetinə müsahibəsində ANAMA-nın qarşıya qoyduğu strateji hədəflər, tətbiq olunan müasir texnologiyalar, resursların optimal bölgüsü, əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər və beynəlxalq standartlara cavab verən peşə hazırlığı barədə ətraflı məlumat verir. Bu müsahibə yalnız əməliyyatların texniki tərəflərini deyil, həm də cəmiyyətin iştirakı ilə təhlükəsiz həyat məkanının yaradılmasının nə qədər vacib olduğunu ortaya qoyur. Azərbaycanın minalardan təmizlənən torpaqları sabahın təhlükəsiz yaşayış məkanına çevrilir – burada məqsəd təkcə torpağı deyil, həm də gələcəyi azad etməkdir.

-İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi sahəsində ANAMA-nın prioritet strategiyası nədən ibarətdir?

 -Başlıca prioritet insanları mina və digər partlayıcı sursatların təhlükəsindən qorumaqdan ibarətdir. Bunun üçün işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində illik plana əsasən humanitar minatəmizləmə əməliyyatları icra edilir. Minatəmizləmə əməliyyatları bərpa-quruculuq layihələri ilə əlaqəli şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur layihələri, kəndlərin, şəhərlərin salınması, kənd təsərrüfatı məqsədli ərazilərin istifadəyə verilməsi icra edilən minatəmizləmə fəaliyyətinin prioritet hissəsidir. Məqsədimiz işğaldan azad edilən, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərin minalardan və partlayıcı sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərmək, həmçinin əhalinin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasıdır.

-Partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi prosesində ANAMA hansı qabaqcıl texnologiyaları tətbiq edir?

-Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir. Əməliyyatlarda xüsusi təyinatlı məsafədən idarə olunan mexaniki minatəmizləmə vasitələri, maqnetik-lokator və detektorlar, “large-loop” adlanan geniş əhatəli metal detektorlar, dərin axtarış cihazları, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlardan, o cümlədən təlimlərin keyfiyyətinin artırılması üçün müxtəlif təlim simulyatorlarından istifadə edilir.

Bütün bu texnologiyalar bir-birini tamamlayaraq əməliyyatların dəqiq və təhlükəsiz icrasına şərait yaradır. Agentlik sursatların zərərsizləşdirilməsində ətraf mühit məsələlərini də diqqətdə saxlayır. Bu məqsədlə zərərsizləşdirmənin qabaqcıl üsul və metodologiyaları tətbiq edilir.   

-Minatəmizləmə əməliyyatlarının planlaşdırılması zamanı resursların optimal bölgüsü necə icra edilir?

-Minatəmizləmə əməliyyatlarının planlaşdırılması zamanı resursların optimal bölgüsü müvafiq yanaşma əsasında həyata keçirilir və burada ilk öncə təhlükəsizlik, həm də səmərəlilik əsas prioritet hesab olunur. Ərazidə minatəmizləmə əməliyyatına başlamazdan öncə ilkin olaraq qeyri-texniki və texniki tədqiqat prosesləri icra edilir. Toplanmış qeyri-texniki tədqiqat məlumatları və texniki tədqiqatın nəticələrinə əsasən ərazinin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, qarşıda gözlənilən əməliyyat və relyef çətinliyi müəyyən edilir və toplanmış məlumatlar əsasında əməliyyat öncəsi risk qiymətləndirilməsi aparılır. Qeyd edilmiş prosesə uyğun olaraq minatəmizləmə metodologiyaları, yəni əl ilə, itlərlə və ya mexaniki minatəmizləmə maşınları ilə təmizləmə üsulları və resurslar tətbiq olunur.

-Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA tərəfindən həyata keçirilən maarifləndirmə və təlim proqramları nədən ibarətdir?

-Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təlim proqramları həyata keçirir. Bu proqramların əsas məqsədi insanların mina və partlamamış hərbi sursatlarla bağlı risklər barədə məlumatlılığını artırmaq, onlara düzgün davranış qaydalarını öyrətmək və baş verə biləcək hadisələrin qarşısını almaqdır. ANAMA tərəfindən 4 istiqamətdə maarifləndirmə fəaliyyəti icra edilir – ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı və məktəblərdə maarifləndirmə.

Maarifləndirmə işləri əsasən işğaldan azad edilmiş ərazilərə geri qayıdan insanlar, həmin ərazilərdə çalışan dövlət və özəl qurum nümayəndələri, keçmiş təmas xəttinə yaxın ərazilərdə yerləşən rayon vətəndaşları, habelə bu ərazilərə səfər edən yerli və xarici vətəndaşlar arasında həyata keçirilir. Maarifləndirmə işi bütün mümkün rəqəmsal və sosial media vasitələrindən istifadə edilməklə də aparılır. “Yolumuz Qarabağadır” portalı üzərindən müxtəlif dillərdə təhlükəsizlik mesajları çatdırılır. Medianın və müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının dəstəyindən istifadə edilir. Son dövrlər Həmkarlar İttifaqları Konfederasiyası da işəgötürənlərin məlumatlandırılması prosesində iştirak edir. Birgə icra edilən fəaliyyətin nəticəsidir ki, 2021-ci ilin sentyabr ayına kimi olan dövr ilə müqayisədə, 2025-ci ildə mina insidentlərinin sayında 71%, zərərçəkənlərin sayında isə 73% azalma qeydə alınmışdır.

-Əməkdaşların peşə hazırlığı və əməliyyat zamanı təhlükəsizlik standartlarının beynəlxalq səviyyədə uyğunluğu necə təmin olunur?

-2001-ci ildən etibarən formalaşaraq fəaliyyətə başlayan Agentliyin təlimatçı heyəti humanitar minatəmizləmə sahəsində mövcud ehtiyaclara uyğun təlimlərin təşkili və keçirilməsi istiqamətində mühüm işlər görür. Təlimçilər həm ölkə daxilində, həm də xaricdə təşkil olunan müxtəlif ixtisasartırma kurslarında iştirak edərək peşəkar bilik və bacarıqlarını artırmışlar. Nəticə etibarilə, humanitar minatəmizləmə proseslərinə cəlb olunan minaaxtaranlar və ümumilikdə əməliyyat heyəti yüksək hazırlıqlı mütəxəssislər kimi formalaşaraq fəaliyyətin effektivliyini təmin edirlər.

Təlim heyəti tərəfindən müdavimlər üçün “Humanitar Minaaxtarma”, “Döyüş Sahəsinin Təmizlənməsi”, “İlkin Yardım” təlimləri həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Eyni zamanda, əməliyyat heyəti mütəmadi olaraq ixtisasartırma kurslarına cəlb edilir.

-Cəmiyyətin mina təhlükəsi ilə mübarizə prosesində dəstəyi nədən ibarət ola bilər?

-Cəmiyyətin mina təhlükəsi ilə mübarizə prosesində dəstəyinin önəmi böyükdür. Cəmiyyət üzvləri mina və partlamamış hərbi sursatlarla bağlı maarifləndirici tədbirlərdə fəal iştirak etməklə, əldə etdikləri bilikləri yaxınlarına və icmada digərlərinə ötürə bilərlər. Həmçinin, vətəndaşların işğaldan azad edilmiş ərazilərdə xəbərdarlıq nişanlarına riayət etməsi həm öz, həm də yaxınlarının həyatını qoruyur. İcma liderlərinin və könüllülərin bu prosesdə iştirakı maarifləndirmə işlərinin daha geniş əhali kütləsinə çatdırılmasına şərait yaradır.

Cəmiyyətin dəstəyi yalnız təhlükəsizlik mədəniyyətinin güclənməsinə deyil, həm də işğaldan azad olunmuş ərazilərin daha sürətli bərpasına və mina təhlükəsindən azad, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin qurulmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
29
ikisahil.az

1Источники