RU

Le Figaro: Fransızların üçdə ikisi Lekornünün baş nazir təyin edilməsindən narazıdır

Sorğular göstərir ki, Makronun qərarı ölkə əhalisinin gözləntilərinə cavab verməyib...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun müdafiə naziri Sebastyan Lekornünü baş nazir postuna gətirməsi əhalinin əksəriyyəti tərəfindən mənfi qarşılanıb. Le Figaro qəzetinin Odoxa-Backbone şirkəti ilə birgə apardığı ictimai rəy sorğusuna görə, respondentlərin 69 faizi bu təyinatı “gözləntilərinə uyğun olmayan” qərar adlandırıb. Onların 39 faizi isə prezidentin seçimindən tam məyus olduqlarını bildirib. Cəmi 29 faiz fransız bu addımı dəstəkləyib, lakin yalnız 6 faizi açıq şəkildə razılıq ifadə edib.

Nəşrin yazdığına görə, Lekornü populyarlıq baxımından sələfləri Fransua Bayru və Mişel Barnyeden də geri qalır. Belə ki, Bayrunun baş nazir təyin edilməsini əhalinin 36 faizi, Barnyenin təyinatını isə 45 faizi dəstəkləmişdi. Qəzet qeyd edir ki, müdafiə sahəsində daha çox gizliliklə işləməyə alışmış yeni baş nazir populyarlıq deficitini aradan qaldırmaq üçün əlavə səylər göstərməlidir.

Sorğu iştirakçılarının 73 faizi Lekornünün 2026-cı il büdcəsini bütün siyasi qüvvələrin nümayəndələri ilə müzakirə etmək niyyətini düzgün addım kimi dəyərləndirsə də, onların 60 faizi bu metodun uğurlu olacağına inanmır. Çərşənbə günü ölkə üzrə keçirilən etiraz aksiyalarında iştirak edənlər də Lekornünün “siyasət ilə real həyat arasındakı uçurumu aradan qaldıracağı” barədə vədinin hökumətin kursunda ciddi dəyişikliklərə gətirib çıxarmayacağını bildiriblər.

Respondentlərin 73 faizi hesab edir ki, prezident yaxın bir il ərzində yeni baş nazir təyin etmək məcburiyyətində qalacaq. Hətta Makronun “Renessans” partiyasının tərəfdarlarının da çoxu (55%) Lekornünün uzun müddət kresloda qala biləcəyinə inanmır, baxmayaraq ki, o, peşəkar danışıqlar aparmaq bacarığı ilə tanınır.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники