RU

"Donbas işğal olunarsa, Rusiya danışıqlar masasına daha güclü mövqe ilə oturacaq" -Politoloq

Ukrayna Prezidenti Volodimir Zelenski ABC-yə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilin sonuna qədər Donbası tam ələ keçirmək niyyətindədir. Onun sözlərinə görə, Putin bunu ABŞ administrasiyasına və prezident Trampın nümayəndəsinə şəxsən bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyanın əsas məqsədi Donbası tamamilə ələ keçirməkdir.

"Bu regionun nəzarətə götürülməsi Moskvanın həm hərbi, həm də siyasi mövqelərini ciddi şəkildə gücləndirəcək. Son günlər Rusiyanın Polşanın hava sərhədlərini pozması və hücum planlarını bu istiqamətdən qurması isə təkcə Ukraynaya qarşı deyil, bütövlükdə Şərqi Avropaya qarşı bir mesaj kimi dəyərləndirilir. Bu, Moskvanın genişlənən ambisiyalarından və dayanmadan hücum strategiyasını davam etdirdiyindən xəbər verir. Belə bir situasiya Şərqi Avropanın təhlükəsizlik arxitekturasını ciddi təhdid altına salır. Zelenskinin ABŞ-yə bu narahatlığı açıq şəkildə bildirməsi də təsadüfi deyil. Ukrayna rəhbərliyi yaxşı anlayır ki, Rusiyanın qarşısını almaq üçün Vaşinqtondan və ümumiyyətlə Qərbdən hücum xarakterli silahlar əldə etməlidirlər. Əks halda Donbasın tamamilə Moskvanın nəzarətinə keçməsi qaçılmaz görünür".

Politoloq qeyd etdi ki, Donbas işğal olunarsa, Rusiya danışıqlar masasına daha güclü mövqe ilə oturacaq:

"Yəni hərbi qələbə diplomatik üstünlüyə çevriləcək. Bu da Kremlin Qərb qarşısında öz şərtlərini daha sərt şəkildə irəli sürməsinə imkan verəcək. Nəticə etibarilə, Donbas uğrunda mübarizə təkcə Ukraynanın deyil, bütün regionun gələcək təhlükəsizliyini müəyyən edən əsas faktor rolunu oynayır".

Xədicə BAXIŞLI

Избранный
19
1
redaktor.az

2Источники