Bakı, 10 sentyabr, AZƏRTAC
Qazaxıstan istisna olmaqla, Mərkəzi Asiyanın hər bir ölkəsində avtomobil nəqliyyatının ifrat dərəcədə yükləndiyi müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “Qara və Xəzər Logistika Forumu - 2025: Dəhlizlər, yüklər, infrastruktur” (“Black and Caspian Freight Forum – 2025”) konfransında çıxışı zamanı Mərkəzi Asiya nəqliyyat-logistika tərəfdaşlığının sədri, iqtisadiyyat və nəqliyyat üzrə tacikistanlı ekspert Larisa Kislyakova bildirib.
Onun sözlərinə görə, bəzi ölkələrdə, məsələn, Türkmənistan və Əfqanıstanda tıxac səviyyəsi 80%-i ötür, daha mürəkkəb şəhər ərazilərində isə 93%-ə çatır ki, bu da relyef və dəmir yollarının məhdud imkanları ilə daha da çətinləşir.
Larisa Kislyakova kağız prosedurlardan asılılığı azaltmaq üçün ölkələr arasında elektron sənədlərin tanınması da daxil olmaqla “reaktiv infrastrukturun” inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu gün əksər ölkələr elektron alətlərdən istifadə edir, lakin onların qarşılıqlı tanınması hələ də məhduddur ki, bu da malların daşınmasını ləngidir.
“Tranzit daşımalara icazə sisteminin sadələşdirilməsinə xüsusi diqqət yetirilir. Beləliklə, Tacikistandan Avropaya yüklərin çatdırılması üçün beş ölkədən keçmək tələb olunur ki, bu da çatdırılmanın dəyərini və vaxtını artırır”, -deyə ekspert qeyd edib. O əlavə edib ki, tranzitin idarə edilməsi və daşıma qiymətlərinə nəzarət üçün vahid koordinasiya mərkəzinin yaradılması vacibdir.
Ekspert vurğulayıb ki, regional əməkdaşlıq çərçivəsində tranzit və maliyyə məsələlərini əlaqələndirmək üçün bütün ölkələrin nümayəndələrinin daxil olduğu Dəhliz Şurasının yaradılması planlaşdırılır. Nəqliyyat strukturunun optimallaşdırılmasına və xərclərin azaldılmasına yönəlmiş özəl sektor-dövlət tərəfdaşlığı da inkişaf etdirilir.