RU

"Aqro-Vest DC" şirkətinin pulunu mənimsəyən əməkdaşa hökm oxundu

Sabunçu Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rəşad Vəliyevin (soyadı şərtidir) cinayət işi üzrə hökm elan olunub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttiham aktında göstərilib ki, Rəşad Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakı mənimsəyib.


Belə ki, o, 2021-ci ildən etibarən zərərçəkmiş “Aqro-Vest DC” MMC-də ticarət nümayəndəsi vəzifəsində çalışdığı müddətdə şirkətin müxtəlif satış məntəqələrinə göndərdiyi malların ödənişlərini toplamaq və mədaxil etmək vəzifəsini yerinə yetirməli olduğu halda, ona etibar edilmiş pul vəsaitlərini qanunsuz olaraq mənimsəyib.


İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif satış nöqtələrindən malların ödənişi əvəzinə toplanmış pul vəsaitlərini şirkətin kassasına təhvil verməyib. O, obyektlərdən pul vəsaitini qəbul etsə də, MMC-nin xəzinəsinə təqdim etməyib. Bundan başqa, digər satış məntəqələrindən də ödənişlərin bir qismini toplayaraq şəxsi məqsədlərinə sərf edib.


Rəşad Vəliyev ümumilikdə müxtəlif vaxtlarda cəmiyyətə məxsus malların satışından əldə olunmuş 5 501,81 məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirib.


Qeyd: “Aqro-Vest DC” MMC qanuni təmsilçisi İlqar Haqverdiyevdir.
 

Kamal Məmmədov 

Tarix: 10 Sentyabr 2025, 09:03   
Избранный
10
pravda.az

1Источники