RU

Dünyanın su təchizatı problemləri Azərbaycanda müzakirə olunacaq

Bu gün paytaxtımızda "Bakı Su Həftəsi" öz işinə başlayır

Hazırda bəşəriyyəti narahat edən problemlərdən biri dünyada su ehtiyatlarının azalmasıdır. Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdəndir. Odur ki, dövlət tərəfindən həyata keçirilən layihələr bu sahədə davamlı inkişafı təmin etməyi hədəfləyir. 

Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə bir sıra mühüm layihələr həyata keçirilib. Bunlar suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələrdir. Bu gün paytaxtımızda başlanan "Baku Water Week" ("Bakı Su Həftəsi") çərçivəsində ölkəmizin su təchizatı sahəsində görülən və görüləcək genişmiqyaslı işlərdən də bəhs olunacaq.

Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan "Bakı Su Həftəsi" bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşıb. Tədbir dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq, həmçinin yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yeni töhfələr verəcək.

Qeyd edək ki, "Bakı Su Həftəsi" sentyabrın 10-12-si tarixlərdə keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını əhatə edəcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən sərgi "Bakı-Ekspo" Mərkəzində baş tutacaq. Sərgidə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya tərcübəsi nümayiş olunacaq. Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq. Burada Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyəti iştirak edəcək. 

Sərgidə bir çox məhsul və xidmət təqdim olunacaq. Məsələn, analiz və laboratoriya texnologiyaları, borular və boru kəməri avadanlığı, bulud toxumsəpmə və daşqınlardan qorunma texnologiyaları, sahilbərkitmə işləri və s. Tədbirlərin mahiyyəti elə adlarından da aydın görünür: "Su təmizlənməsi üçün kompleks həllər", "Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi", "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması", "Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları", "Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda". 

Sabah isə "Bakı Su Həftəsi" çərçivəsində 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı baş tutacaq. Konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcək. Bir sıra panel müzakirələri keçiriləcək. Həmçinin dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında Anlaşma memorandumları imzalanacaq. 

"Bakı Su Həftəsi"nin sonuncu günü 6-cı Xəzər Su İnnovasiya Forumu təşkil olunacaq. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkət və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq. "Baku Water Week"in davam etdiyi günlərdə "Bakı-Ekspo" Mərkəzinin foyesində "Zabuxçay su anbarı" - Azad Qarabağın ilk su anbarı, eləcə də "Şiber" su çarxının maketləri nümayiş olunacaq. 

Tədbirin təşkilatçıları "Caspian Event Organisers" şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan "Caspian Event Management" və "ICA Events" şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir. "Bakı Su Həftəsi"nin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" çıxış edir.

Xatırladaq ki, Bakıda birinci su həftəsi keçən ilin mart ayında keçirilib. Ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, "Bakı Su Həftəsi" bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənib. Tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda sözügedən sahənin daha da inkişafı üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlbi, eləcə də Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsi olub.

Birinci "Bakı Su Həftəsi"nin Beynəlxalq Konfransı isə su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirib. İkigünlük konfrans zamanı "Bir damcı" layihəsinin təqdimatı keçirilib, o cümlədən "Qlobal su qıtlığı və iqlim dəyişikliyi", "Azərbaycan və Xəzər regionunun su ehtiyatlarından səmərəli istifadə", "Su idarəetməsində texnoloji yeniliklər", "Aqrar sahədə suyun istifadəsi", "Ekologiya sahəsində yenilik", "Cəmiyyətdə suyun davamlılığı" və bir sıra digər mövzuları əhatə edən panel diskussiyaları təşkil olunub.

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
14
42
azerbaijan-news.az

10Источники