AZ

Bakı Su Həftəsi dünyanı su aydınlığına çağırır

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün paytaxtımızda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – Bakı Su Həftəsi öz işinə başlayır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil edilən toplantıda dövlət qurumlarının və beynəlxalq şirkətlərin nümayəndələri, eləcə də ekspert və peşəkar ziyarətçilər iştirak edirlər. Sərgi mərkəzində su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya təcrübəsi nümayiş olunur.  

Məlum olduğu kimi, hazırda dünyada su ehtiyatlarının azalması və iqlim dəyişmələrinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir. Azərbaycan şirin su ehtiyatlarının məhdud olduğu dövlətlər sırasında olduğu üçün ölkəmizdə də su təhlükəsizliyi prioritet istiqamətlərdəndir. Dövlət tərəfindən həyata keçirilən layihələr bu sahədə davamlı inkişafı təmin etməyi hədəfləyir. Son illər Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələr həyata keçirilir.

Sərgidə ölkənin su təchizatı sahəsində görülən işlər və nəzərdə tutulmuş genişmiqyaslı layihələr nümayiş olunacaq. Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır.

Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə müxtəlif ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaratmaqla yanaşı, yeni təşəbbüslər və faydalı işgüzar əlaqələrin qurulmasına, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında səmərəliliyin artırılmasına töhfələr verəcək.

Bakı Su Həftəsində Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edəcək. 

Sərgidə analiz və laboratoriya texnologiyaları, bank xidmətləri, borular və boru kəməri avadanlığı və məhsulları, bulud toxum səpmə texnologiyaları, daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri, drenaj üçün avadanlıqlar, elmi-tədqiqat institutları, hidrotexniki qurğular, içməli suların emalı, su ­təchizatı və kanalizasiya, su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı, ölçmə, tənzimləmə və nəzarət texnologiyaları, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında informasiya və kommunikasiya texnologiyaları, süni intellekt, təhsil, elmi araşdırmalar, suvarma sistemləri; suyun duzsuzlaşdırılması texnologiyaları, tullantı və yağış sularının axıdılması və emalı sistemləri kimi məhsul və xidmətlər təqdim olunacaq. 

Bakı Su Həftəsinin ilk gününün proqramına quraqlıq risklərinin idarə olunması, Xəzər dənizinin vəziyyəti və tullantı sularının dayanıqlı idarə edilməsi kimi əsas məsələlərə dair təqdimatlar və müzakirələr daxil edilib. Sentyabrın 11-də 10 ölkədən 40-dan çox məruzəçinin iştirakı ilə II Beynəlxalq su təsərrüfatı konfransı keçiriləcək. Burada su ehtiyatlarının idarə olunmasında liderlik, rəqəmsallaşma və transsərhəd əməkdaşlığı mövzuları müzakirə olunacaq. Toplantının sonuncu günündə isə qabaqcıl texnologiyaların tətbiqinə və ətraf mühitin qorunmasına dair 6-cı Xəzər su innovasiya forumu təşkil ediləcək.

Bakı Su Həftəsi günlərində sərgi mərkəzinin foyesində “Zabuxçay su anbarı” – Azad Qarabağın ilk su anbarı, eləcə də “Şiber” su çarxının maketləri nümayiş olunacaq. Bununla yanaşı, 1 nömrəli pavilyonda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin “Baku Water Week 2025” fərqlilərin fırçasında adlı rəsm əsərləri sərgilənəcək.

Qeyd edək ki, tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası da layihəyə dəstək göstərir. Bakı Su Həftəsinin rəsmi bankı qismində isə ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. 

Mirbağır YAQUBZADƏ XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
27
xalqqazeti.az

10Mənbələr