
“Bu layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, tullantıların azaldılması və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına yönəlib. İşlənmiş batareyalar təhlükəli tullantılardandır. Onların tərkibində qurğuşun, civə, kadmium, nikel, sink kimi zərərli kimyəvi maddələr və ağır metallar mövcuddur. Batareyalar məişət tullantıları ilə atıldıqda çürüyərək torpağa sızır və ekosistemi zədələyir. Bu səbəbdən batareyalar yalnız xüsusi qutulara yığılmalı və təhlükəsiz şəkildə zərərsizləşdirilməlidir”. Nazirliyin bu sahədə gördüyü işlər barədə danışan müsahibimiz qeyd edib ki, sözügedən təşəbbüsə bir çox qurumlar qoşulub: “İlkin mərhələdə 5 məntəqədə başlanılan layihəyə artıq dövlət qurumları, özəl təşkilatlar, banklar, otellər və ictimai iaşə müəssisələri təşəbbüsə qoşulub. Hazırda isə vətəndaşların marağı və tərəfdaşların dəstəyi sayəsində 600-dən artıq məntəqədə toplama qutuları yerləşdirilib. Bugünədək ümumilikdə 3438 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Nazirlik tərəfindən keçirilən “Tullantıları tinglərə dəyiş” və “Tullantıları hədiyyələrə dəyiş” aksiyaları çərçivəsində də batareyalar təhvil alınır, əvəzində vətəndaşlara tinglər və müxtəlif hədiyyələr təqdim olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir. Unutmayaq: hər bir kiçik addım böyük dəyişikliklərin başlanğıcıdır”.
Gülbəniz Hüseynli / Metbuat.az