RU

Leyla Abdullayeva: “Cənubi Qafqaz sülh səylərinin konkret nəticələr verdiyi yeganə bölgədir”

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “İ24” kanalının fransız redaksiyasında jurnalist Mikael Darmonun qonağı olub.

Musavat.com xəbər verir ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində baş verən son inkişaf, Vaşinqton görüşünün nəticələri və sülh sazişinin paraflanmasının bölgəyə təsiri, habelə Azərbaycanın artmaqda olan vasitəçi rolu, bölgə ölkələri ilə olan münasibətləri mövzusunda sualları cavablandıran səfir L.Abdullayeva Fransa ilə ikitətrəfli əlaqələr mövzusuna da yer ayırıb.

Vaşinqton görüşünün tarixi əhəmiyyətindən danışan L.Abdullayeva bu sammitə aparan yoldakı əsas uğur faktorunun hər hansı vasitəçi olmadan, məhz liderlərin birbaşa ikitərəfli dialoqu əsasında aparılan danışıqlar olduğu bildirilib.

Keçmişdə vasitəçilərin iştirakı ilə onilliklər ərzində aparılan danışıqların heç bir nəticə vermədiyi, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin təşəbbüsü ilə sülh prosesinin başlanıldığı və son vaxtlarda iki ölkə arasında birbaşa təmasın qurulduğu qeyd edilib və bu gün dünyanın digər bölgələrində təlatümlər baş verdiyi bir vaxtda Cənubi Qafqaz bölgəsinin sülh səylərinin konkret nəticələr verdiyi yeganə bölgələrdən biri olduğu vurğulanıb.

Səfir Ermənistan və Azərbaycanın düşmənçilik səhifəsini çevirərək, sülh və dövlətlərarası münasibətlər qurmaq qərarının bölgədəki reallığı dəyişdiyini və bu yeni reallığın əlbəttə, digər dövlətlər tərəfindən də nəzərə alınmalı olduğunu söyləyib.

Müsahibədə dünyada artan antisemitizm halları ilə bağlı sualı cavablandıran L.Abdullayeva, bunun Azərbaycana aid olmadığını söyləyib və Azərbaycanın xüsusilə də ölkədə mövcud olan dinlərarası dialoq və tolerantlıq mühiti baxımından nümunəvi bir dövlət olduğu vurğulanıb.

Azərbaycanda hökm sürən effektiv dünyəviliyin, digər ölkələr tərəfindən yaxından nümunə kimi nəzərdən keçirilməsi məsləhət görülüb.

Jurnalistin “sizin ölkənin nümayəndəsi üçün Fransada diplomat kimi çalışmaq mürəkkəb olmalıdır” sualına cavab olaraq səfir, ümumiyyətlə hər hansı bir diplomat üçün Fransada çalışmağın önəmli olduğunu qeyd edərək, şəxsi təcrübəsindən çıxış edərək son 3 ildə Parisdə səfir vəzifələrini həyata keçirmənin asan olmadığını, bunun isə ölkələr arasında mövcud olan siyasi böhranla əlaqəli olduğunu söyləyib. O, məsələlərə adətən yaxşı tərəfdən baxan birisi kimi, ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı müsbət fikirdə olduğunu qeyd edib.

Leyla Abdullayeva Fransada hazırda yaşanan daxili böhran vəziyyəti ilə bağlı (qeyd: Baş nazirin vəzifədən ayrılması ilə bağlı hökumətin istefası) suala cavabında ölkə daxilindəki vəziyyətin xarici ölkənin səfiri qismində onun tərəfindən şərh edilməsinin doğru olmadığını söyləyib, eyni zamanda Fransa ilə ikitərəfli əlaqələr məsələsinin bu ölkənin xarici siyasətinin mövzusu olduğuna işarə edərək, ölkə Konstitusiyasına görə Fransa Prezidentinin xarici siyasəti həyata keçirdiyini səsləndirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
39
musavat.com

1Источники