RU

Fazil Mustafa: “Bu hədəf Naxçıvanla quru yolumuzun açılacağı Bütöv Azərbaycandır”

Yazını böyüt
Yazını kiçilt

“Müdriklərin siyasətlə bağlı bir deyimi var: elə yol izləməlisən ki, geridə qalanlar sənə yetişməyə, irəliyə tələsənlər səni gözləməyə məcbur qalsınlar. İlham Əliyevin liderliyində Azərbaycanın izlədiyi də məhz bu yoldur”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, İlham Əliyev Azərbaycanı mini meydançada oynamaqdan divlərin yer aldığı böyük meydançaya keçirməyi inanılmaz ustalıqla bacardı:

“Ancaq bu meydançada həmişə qalmaq üçün hamılıqla fədakarlıq etməliyik. Ağ Evin simvolik açarı bizim üçün xoşbəxtlik və təhlükəsizlik təminatı olmasa da, bu açardan ağıllı istifadə etmə şansına olduqca ciddi yanaşmalıyıq”.

Deputat vaxtilə Avropa Birliyinə, onun dəstəyi ilə öz ərazi bütövlüyünü dəstəkləməyə çalışan postsovet ölkələrinin sənədlərdə, münasibətlərdə bizdən irəli getməsinə diqqət çəkib:

“Avropa Şurasının, Avropa Birliyinin, ABŞ Konqresinin qətnamə və qərarlarında Gürcüstanın, Moldovanın, Ukraynanın hər dəfə ərazisinin işğal olunmasından bəhs edən bəndlərdə bu ölkələrə açıqca dəstək verənlər Azərbaycanın işğala məruz qalması faktını yalnız unutmaqla kifayətlənmirdilər, həm də işğalçı Ermənistana avantaj yaratmaq üçün ölkəmizə qarşı bütün qaralayıcı addımlardan istifadə edirdilər. Onların davamlı olaraq dəstəklədiyi ölkələr heç biri ərazi bütövlüyü problemini həll edə bilmədilər. Azərbaycan bu şuraların, bu birliklərin, bu kollektiv təhlükələrin, kollektiv konqreslərin üzərindən uçaraq Minsk qrupunu dəfn etdi, 907-ci düzəliş kimi tanınan 33 illik sanksiyanı cırdırıb çöpə atdırdı, ermənilərin Azərbaycan torpaqları üzərindən böyümə xəyallarını, ümidlərini gorbagor etdi. Nəticə ortadadır. ABŞ kimi dünya gücü ilə Ağ evdə Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji işçi qrupu yaradıldı. Eyni zamanda Azərbaycan və Ermənistan arasında birgə Bəyannamə imzalandı, ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflandı. Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşurutu kimi vacib siyasi terminologiya təsis edildi.
Ilham Əliyev həm də erməni xalqına ekosiyasi sağlamlıq və rifah hüdudlarını göstərdi. Prezident İlham Əliyevin dəmir yumruğu və diplomatiyası sayəsində öz siyasi ərazi hüdudlarına qaytarılmış bu dövlətin bundan sonrakı dövrdə hansı yolu gedəcəyini belə səmimi şəkildə izah etdi. Bununla O, həm də faydalı qonşu olmanın modelini göstərmiş oldu”.

F.Mustafa qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra növbəti hədəfinə doğru yürüməkdədir:

"Bu hədəf Naxçıvanla quru yolumuzun açılacağı Bütöv Azərbaycandır. Bununla həm də iki düşmən dövlət arasında savaşa son qoyulur, qonşu xalqlar arasında rəqabətə start verilir. İndi xalqımızı bu rəqabətə hazırlamalıyıq”.

Избранный
80
2
hafta.az

3Источники