RU

Həşim Səhrablı: “Dövlətin gücü həm də soydaşlarına münasibəti ilə ölçülür”

“Hazırda Rusiyada yaşayan Azərbaycanlıların vəziyyəti diqqət mərkəzindədir. Dövlətlərin gücü yalnız iqtisadiyyat, siyasət və hərbi potensial ilə deyil, həm də vətəndaşlarına və xaricdə yaşayan soydaşlarına yanaşması ilə ölçülür. Bu baxımdan, Azərbaycan dövləti Rusiyada yaşayan soydaşlarının hüquqlarının qorunmasına diqqət yetirir. Azərbaycan-Rusiya münasibətləri müxtəlif dövrlərdə dəyişkən xarakter daşıyır və bu vəziyyət orada yaşayan Azərbaycanlıların sosial və iqtisadi imkanlarına təsir göstərə bilər. Bu kontekstdə Azərbaycan dövləti beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq edərək soydaşların hüquqlarının qorunması üçün addımlar atır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı sahibkarların vəziyyəti iki ölkə arasındakı gərginlik fonunda gündəmə gəlib. İyunda Yekaterinburqda baş verən insidentlər və ardınca artan ittihamlar onların təzyiqlərlə üzləşməsinə səbəb olub. Çində keçirilən ŞƏT sammitində isə gözlənilən Azərbaycan-Rusiya liderlərinin görüşü baş tutmayıb.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan daxili iqtisadi potensialını gücləndirmək istiqamətində mühüm addımlar atır.

“Ölkənin enerji resursları, təbii sərvətləri, bərəkətli torpaqları və kənd təsərrüfatı imkanları mövcuddur. Tranzit yolların açılması və qlobal ticarət marşrutları Azərbaycanın strateji mövqeyini artırır. Bu imkanlar düzgün istifadə olunarsa, 10 milyonluq Azərbaycan cəmiyyəti və xaricdə yaşayan soydaşlar ölkədə iş və biznes imkanlarından faydalana bilər. Rusiyada biznes fəaliyyəti ilə məşğul olan həm iri, həm də orta səviyyəli sahibkarlar Azərbaycanda öz imkanlarını genişləndirə bilərlər. Qarabağın azad olunması və bölgədə yeni sənaye və kənd təsərrüfatı mərkəzlərinin yaradılması bu prosesə dəstək verir. Bu infrastrukturun inkişafı həm daxildə, həm də xaricdə yaşayan Azərbaycanlıların iqtisadi imkanlarını artırmağa yönəldilə bilər. Azərbaycan sərhədləri daxilində güclü iqtisadiyyatın formalaşması soydaşların təhlükəsizliyinə və iqtisadi imkanlarına birbaşa təsir göstərir. Bununla yanaşı, xaricdə yaşayan Azərbaycanlılar ölkəyə geri dönərək iş və biznes imkanlarından faydalana bilər. Bu prosesdə beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlərlə əməkdaşlıq önəmlidir. Etnik Azərbaycanlıların hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi qlobal səviyyədə diqqətə çatdırılmalıdır. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq bu məqsədlərin həyata keçirilməsinə dəstək verir. Azərbaycanın strateji tərəfdaşları – Çin, ABŞ, Avropa dövlətləri və Türkiyə – bu baxımdan mühüm rol oynaya bilər. Azərbaycan həmçinin ikili diplomatik müstəvidə Rusiyaya hüquqa və beynəlxalq normalara uyğun davranma çağırışlarını çatdırmalıdır. Dövlət sivil məsələlərin siyasi məqsədlər üçün alət kimi istifadə edilməməsini təmin etmək üçün müvafiq addımlar atır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
72
aznews.az

1Источники