Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dosenti Nigar Sadıqova Harvard Tibb Məktəbi (Harvard Medical School -HMS) tərəfindən təşkil edilən beynəlxalq Tibb Tədrisinin Öyrədilməsi üzrə Təlim (Training to Teach in Medicine) sertifikat proqramını uğurla başa vurub
Harvard Tibb Məktəbinin Postgraduate Medical Education bölməsi tərəfindən həyata keçirilən bu nüfuzlu təlimin məqsədi səhiyyə mütəxəssislərinin pedaqoji bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqram müasir və sübutlara əsaslanan tədris metodikaları, dərs planlaşdırma və qiymətləndirmə strategiyaları, klinik və akademik mühitlərdə effektiv öyrətmə bacarıqları, beynəlxalq pedaqoji təcrübə mübadiləsi imkanlarını təqdim edir.
İnteraktiv onlayn sessiyalar, canlı seminarlar, komanda əsaslı layihələr və fərdi Capstone Project mərhələlərindən ibarət olan təlim proqramı altı ay ərzində davam edib. Kursda proqramın həmsədri professor Jeremy Richards, Mount Auburn Hospital-da tibb təhsili üzrə mütəxəssis Brian Persaud, İsrailin Beth Deaconess Tibb Mərkəzinin klinik müəllimi Dr. Lauren Yang, Harvard Tibb Məktəbinin tanınmış professor və ekspertləri, aparıcı fakültə üzvləri dərs deyiblər.
ATU əməkdaşı Nigar Sadıqova proqram çərçivəsində keçirilən inteqrasiya layihəsində beynəlxalq iştirakçılarla birlikdə komanda işində iştirak edib. Onun təmsil olunduğu komandanın layihəsi 2-ci yerə layiq görülüb. Bu nailiyyət ATU-da tibbi təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir tədris strategiyalarının tətbiqinə və beynəlxalq akademik əlaqələrin genişlənməsinə dəyərli töhfə kimi qiymətləndirilə bilər.