RU

Azərbaycan millisinin sabiq baş məşqçisi: “Komandanınfunksional hazırlığı məni narahat edir”

BAKI, 5 sentyabr. TELEQRAF

“Yığmanın funksional hazırlığı məni narahat edir. Bir halda ki, fiziki və atletik baxımdan hazırlığı yüksək olan komandaya qarşı oynayırıq, o zaman bizim hazırlığımız da vacibdir. Təəssüf ki, Azərbaycan çempionatında legioner limiti aradan qaldırıldıqdan sonra oyunçuların oyun praktikasının az olması onu deməyə əsas verir ki, rəqibdən fərqli olaraq millimizin funksional hazırlığı aşağı olacaq”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə oyunu barədə danışarkən deyib.

59 yaşlı mütəxəssis Fernandu Santuşun kollektivini nəinki bu gün, ümumiyyətlə qrup mərhələsində çətin sınaqların gözlədiyini qeyd edib: “Millinin ilk oyunu olduğu üçün hansı gücdə olduğunu bilmirik. Təlim-məşq toplanışında da görməmişik ki, real gücünü bilək. İslandiyaya qarşı ağır oyun olacaq. Rəqib evdə oynayırsa, deməli, daha çox üstünlüyə sahibdir. İslandiya atletik hazırlığı yüksək olan komandadır. Onlar sürət və təzyiq hesabına nəticə qazanırlar. Evdə oynayacaqları üçün azarkeş dəstəyi ilə Azərbaycanı təzyiq altında saxlayacaq və ilk qolu vurmağa çalışacaqlar. Bu da onlar üçün daha asan ola bilər. Azərbaycan isə ağıllı müdafiə olunub, kompakt şəkildə bağlanarsa və qolu gecikdirə bilsə, daha rahat olacaq. Hər bir halda yığmaya uğurlar arzulayıram”.

Diniyevin sözlərinə görə, millinin heyəti rəqibdən zəif təsir bağışlasa da, şansları var: “Güclü komandaya qarşı oynayırıqsa, bizim də hazırlığımız çox önəmlidir. Amma məni narahat edən əsas məsələ limit götürüldükdən sonra yerli oyunçuların oyun praktikasının az olmasıdır. Bu da onu deməyə əsas verir ki, funksional hazırlıq zəif ola bilər. Bu sarıdan narahatam. Ümid edirəm, bildiyimizi ortaya qoya bilərik”.
Qeyd edək ki, İslandiya - Azərbaycan oyunu saat 22:45-də start götürəcək.

Избранный
116
teleqraf.com

1Источники