RU

İsrafçılıq səxavətlə əvəz olunsa...

İsrafçılıq təkcə var-dövlətin izafi xərclənməsi deyil, həm də sərvətin, əməyin və minnətdarlığın gözdən salınmasıdır. Xüsusən toy və yas məclislərində, "all inclusive" hotellərdə gördüyümüz mənzərələr bunu açıq göstərir: süfrələr aşıb-daşır, boşqablar dolub-boşalır, yeyiləndən çox yeyilməyən hər cür ərzaq, təam atılır. 

Nə qədər qəribə səslənsə də, bəzən bu cür israfçılıq səxavət hesab olunur, "bolluq olsun" düşüncəsi israfçılığa çevrilir. Halbuki əsl səxavət olanını, artığını ehtiyacı olanla bölüşmək, acı doydurmaq, yetimi sevindirməkdir.

Toylarımızda ənənəvi "abır-həya" ölçüsü çox vaxt "şou" ilə əvəzlənib. Masaya onlarla soyuq qəlyanaltı, müxtəlif salatlar, üstəgəl, bir neçə isti yemək, sonra da növbə ilə gələn kabablar, plovlar, desertlər düzülür. Qonaqların əksəriyyəti ilk 30 dəqiqədə doyur, ona görə də boşqablarda yarımçıq qalan yeməklər toplanıb atılır. Müştərini məmnun etmək istəyən restoran sahibinin də, "qonağım ac qalmasın" deyən ev sahibinin də niyyəti yaxşıdır, amma bu niyyət israf üzərində qurulub. Bunun arxasında isə su, torpaq, enerji və insan əməyinin heçə getməsi durur.

Yas məclislərində də vəziyyət aşağı-yuxarı oxşardır. "Mərhuma hörmət" adı ilə hazırlanan restoran səviyyəli menyular, zəngin çay süfrələri, desert bolluğu sonda süfrədən yığışdırılıb tullantıya çevrilir. Yasın mahiyyəti itkinin acısını bölüşmək, dərdə ortaq çıxmaq olduğu halda, biz bəzən bu mahiyyəti adına ehsan dediyimiz yemək-içməklə əvəzləyirik. Halbuki həmin ehsanı ehtiyacı olanlarla paylaşmaq mümkündür.

Artıq son vaxtlar bəzi rayonlarda ehsan süfrələri yığışdırılıb, təziyəyə gələnlərə ancaq çay süfrəsi təqdim olunur. Bu, gecikmiş olsa da, düzgün qərardır və onun tezliklə bütün ölkə boyu yayılmasını istərdik.   

Turizmdə "hər şey daxil" xidmətinin yaratdığı psixologiya da tanışdır: "Pulunu vermişəm, nə qədər mümkünsə götürüm". Bufet masalarında insanların bir boşqaba bir neçə növ xörək yığması, sonra yarısını yemədən qoyub getməsi məhz bu psixologiyadan doğur. Bizlərdə buna "qarnı doyur, gözü doymur" deyirlər. O səbəbdən dünyada, o cümlədən Türkiyədə bir çox hotel bu davranışı azaltmaq üçün hissə-hissə servisə, "a la carte" seçimlərinə, əvvəlcədən sifariş sistemlərinə keçir və bununla həm tullantını, həm də xərci azaldır. "A la carte" yalnız restoran "fəzası" yaratmaq deyil, porsiya nəzarəti, qonağın nə istəyirsə onu sifariş etməsi, mətbəxin də ona uyğun dəqiq hazırlıq görməsi deməkdir. Nəticədə daha təzə, daha keyfiyyətli yemək, daha sağlam olmaq, daha az israf və daha məmnun qonaq. Biz turist olaraq da davranışımızı dəyişməliyik. Hər şeydən bir az dadmaq əvəzinə, həqiqətən, yeyəcəyimizi seçib qurtaranadək yemək, sonra istəsək yenə sifariş etmək kifayətdir. 

Bəs çıxış yolu nədir? Əvvəla, ölçü-çəki mədəniyyətini geri qaytarmalıyıq. Toy menyularında 10-15 növ yeməyə, masanın üstünü doldurmağa son qoymalıyıq. Bir yaxşı salat, bir isti başlanğıc, bir əsas ət yeməyi, bir vegetarian alternativ, bir garnir, bir desert kifayətdir. Porsiyalar "şou" üçün deyil, insan orqanizminin real ehtiyacı üçün ölçülməlidir. Məsələnin ikinci tərəfi "qonaq ac qalmasın" qorxusunu "qonaq incə zövqlə doyum tapsın" düşüncəsinə çevirməkdir. Masada vaxtaşırı soruşulan "başqa nə arzulayarsınız?" sualı "çaypulu" almaq üçün yox, israfın qarşısını almaq üçün  olmalıdır. Daha sonra qidanın yönləndirilməsi üçün mexanizmlər yaratmaq lazımdır - gigiyena qaydalarına əməl olunan "xilas edilmiş yemək" protokolları, sığınacaqlara isti yemək çatdıran könüllü şəbəkələr, heyvan sığınacaqlarına uyğun qida ayırımı və s. İnkişaf etmiş ölkələrdə restoranlar bu cür şəbəkələrlə işləyirlər. Bizdə də iaşə obyektləri, sahibkarlar bu cür model qura bilərlər. 

Daha sonrakı addım ailədən başlayır: uşağa "qabına yalnız yeyəcəyin qədər götür" vərdişini öyrətmək, "qalanı sonra yeyərəm" deyib soyuducunu israf anbarına çevirməmək lazımdır. Bundan əlavə, həftəlik ərzaq planı tutmaq, "2-yə 1" kampaniyalarında lazım olmayanı almamaq da israfın qarşısını alan adətlərdəndir. Unutmayaq ki, israfçılığın qarşısını almaq zövqdən, qonaqpərvərlikdən və hörmətdən imtina deyil. Əksinə, yaxşı ziyafət sadəlikdə, əsl qonaqpərvərlik diqqətdədir. Toyda da, yasda da, hoteldə də bu prinsipi seçəndə, süfrəmiz daha zəngin, qəlbimiz daha rahat, cəmiyyətimiz daha tox olur. Varlı görünmək istəyindən deyil, dəyər yaratmaq arzusundan doğan məclislər qurmaq zamanıdır. Bir payı azaltsaq, bir təşəkkürü çoxaldarıq, atılan bir boşqab yeməyi xilas etsək, bir acı doydurmuş olarıq. Ən önəmlisi - bolluğun ölçüsünü masadakı yeməklərin çeşidində deyil, masanın ətrafında bölüşdüyümüz məhəbbətdə görərik.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Избранный
126
azerbaijan-news.az

1Источники