RU

Məhkəmə keçmiş arvadını döyən şəxsi cinayət məsuliyyətindən azad etdi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Baba Səfərovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilib, Tərtər Rayon Məhkəməsinin hökmü ləğv edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv olunub.


İttihama görə, hadisə 2024-cü ilin iyul ayında Tərtər rayonunda qeydə alınıb.


Belə ki, Baba Səfərovla keçmiş həyat yoldaşı, Maya Qafurova adı, soyadı şərtidir) arasında mübahisə yaranıb. Buna səbəb isə qadın yaşadığı evdə təmizlik işləri aparan həmyerlisini Sakit Bədəlovu (adı, soyadı şərtidir) çağırması və işdən sonra həmin evin hamamında duş qəbul etmək istəməsi olub. Mübahisə zamanı Baba əlilə Mayanın sağ qolunu sıxaraq onu kənara itələyib və nəticədə ona kəllə-beyin travması, beyin silkələnməsi, sağ bazuda qançır yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.


Tərtər Rayon Məhkəməsinin hökmü ilə Baba Səfərov təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdi. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdi. 

Kamal Məmmədov 

Tarix: 1 Sentyabr 2025, 08:28   
Избранный
229
pravda.az

1Источники