Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılır.
HİT.az xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, gedişhaqqının hətta 40-50 qəpik artırılacağı ilə əlaqədar iddialar var.
Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər: “İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir. Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”.
Yayılan məlumatlarla əlaqədar həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Tarif Şurasına müvafiq sorğular ünvanlamışıq.
Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik, paytaxtdakı avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.