RU

Kəlbəcər şəhərinin yolları da rahat və yaraşıqlı olacaq

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və yüksək keyfiyyətlə icra olunur. Məlum olduğu kimi, şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub. Hazırda burada yeni binaların tikintisi ilə yanaşı, yol infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, ümumi uzunluğu 26,5 kilometr olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 kilometrlik hissəsində tikinti işləri aparılır. Yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir. Bu kəsiklərə uyğun olaraq hərəkət zolaqlarının sayı 2-dən 4-ə qədər, hərəkət zolaqlarının eni 3-3,5 metr, yaşıllıq zolaqlarının eni 1,5-3 metr, velosiped zolaqlarının eni 0,7-1,5 metr, piyada səkilərinin eni isə 2-4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir.

Artıq birinci mərhələ çərçivəsində şəhər küçələri boyunca kommunikasiya xətlərinin – su, kanalizasiya, yağış suları, qaz, rabitə və elektrik xətlərinin tikintisi işləri, demək olar ki, başa çatmaq üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri aparılır. Ötən müddətdə layihə çərçivəsində tikinti işlərinin 76 faizi yerinə yetirilib.

Qeyd edək ki, bütün tikinti prosesi “İnşaat norma və qaydaları”na uyğun olaraq və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Ümumilikdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
10
xalqqazeti.az

10Источники