RU

Burada hamı onların dilində danışır: Hətta ləpə satan xanım da - Bakının "göbəyi"ndən REPORTAJ

Çoxdandır yolum “Fəvvələr meydanı”na düşmürdü, məzuniyyətin verdiyi fürsətdən istifadə edib şəhərdə nələrin baş verdiyini görmək üçün getdim. Gördüklərim maraqlı idi, əminəm ki, onları siz də görmüsünüz, fərqinə varmısınız, sadəcə ola bilsin ki, mənim kimi uzun müddət ayrı qalmadığınıza görə sizə gördükləriniz təəccüblü gəlməyib. Mənə isə həm maraqlı idi, həm də təəccüblü...

İlk baxışdan bildim ki, şəhərdə çox sayda turist var, ərəblər daha çoxdur, sonrakı yeri bəlkə də hindistanlı və ya pakistanlılar bölüşür, ara-sıra da olsa fransız dilində danışanlara rastlayırdım. Çinlilər də az deyil, deyəsən, vizasız gediş-gəliş təsir edib. Ərəblər və avropalılar daha çox ailəlikcə gəzirlər, çinlilər daha çox gənclərdir, ərəblərdən də bir neçə gəncin şəhər turuna çıxdığını gördüm.

Anlamadığım bir şey oldu, "hörümçək adam", ayı, digər filim və cizgi film qəhrəmanları kimi "Fəvvarələr meydanı"nda gəzmək kimin ağlına gəlib? 

Ailə üzvlərinin sayına görə ərəblər birinci yerdədir, addətən bir kişi, 2-3 xanım, 4-5 uşaq. Avropalılar arasında yaşlılar az deyil, onlara azuşaqlı  ailələr də demək olar, adətən xanım və kişidən ibarətdirlər, nadir hallarda yanlarında üçüncü şəxs, yaxud uşaq görmək mümkündür. Ən maraqlı məqam (ən azından mənim üçün) çox yaşlı, hətta fiziki cəhətdən məhdudiyyətli olanların böyük həvəslə, şövqlə həyatın dadını çıxartmasıdır. Mənim kimi həyatı tıxaclarda keçən, günün azı 5 saatını işə gedib-gəlməyə sərf edən birisi üçün bu, inanılmaz bacarıqdır.

Bir ara məzuniyyətdən sonra dayanacaqlarda, tıxacda keçəcək  bir neçə saatımı xatırlayıb xeyli hüznlənsəm də, mənim bu problemimin o turistlərə heç bir aidiyyəti olmadığını düşünüb müşahidəmi davam etdirdim. Heç aidiyyəti  qurumların vecinə deyil, turistin nə vecinə? Bir də bilmək olmaz, bəlkə o hindistanlı turistin heç minməyə avtobusu da yoxdur, gəlib “Tarqovı”da o baş-bu başa gəzməklə deyil ki...

Onların beləcə əmin-arxayın gəzməsi üçün işə tələsənlər də vardı. Axşam saatları olmasına rığmən, əlindəki borularla, simlərlə işə tələsən təsərrüfat işçiləri kimi. Görünür, hardasa, boru tutulmuşdu.

Burda ən çox eşitdiyim dil ərəb dili oldu, bir neçə il əvvəl isə rus dili olardı Restoranların qarşısında dayanan gənclər ərəb dilində turistləri içəri dəvət edir, ətir mağazalarının satıcıları eyni qaydada. Ətir demişkən, ərəb turistləri açıq satılan ətirləri paket-paket alırlar.

Bizə indiyə qədər orijinal ətirlərin ərəb (Dubay) versiyası adı ilə o qədər ətir satıblarsa, bəs bu ərəblər niyə ətri gəlib “Tarqovı”dan alır? Necə deyərlər, monqol turistləri monqol dublyonkasını niyə gəlib İsrafilin mağazasından alırlar axı? Yenə məşhur filmdə deyildiyi kimi, yəqin ki, bizə ərəb ətri adı ilə satılanlar heç “ərəbski” də deyil, nə bilim, nə zir-ziibilskidir...

“Tarqovı”da alıcı səsləməyən bircə yer var- valyutadəyişmə məntəqəsi. Əvvəl onu burada görməmişdim, bu da mənim çoxdandır şəhərin şəhər olan hissəsinə getməməyimin daha bir sübutu. Bəlkə də çoxdan açılıb,  içəridə həmişə müştəri var. Hər halda müşahidə apardığım bir saat ərzində içərini boş görmədim. Pul bir ingilısdə, bir də turistdə. “Görəsən onlar da gəzməyə kreditlə gedir?” sualını verməyə üzüm gəlmədi. Alacağım cavabdan məmnum olmamaq ehtimalım da vardı...

Restoranda qiymətlər hamını qaçıracaq qədər baha deyil. 25-30  manata bir nəfər doya bilər, yaxşıdır ki, menyu ilə elə qapının ağzında tanış olmaq imkanı yaradılıb. Beləcə, içəridə qab yumaq ehtimalını bərbaşdan önləmiş olursan. Amma söhbətlər göstərdi ki, tusitlər milli yeməklərə çox üstünlük vermirlər, yəqin bilmədikləri dadla risk etmək istəmirlər, ona görə də əksər restoranlarda dönər, pizza, şaurma kimi yeməklər reklam olunur.

Bura küçə ticarətinin küçədən çıxdığı yerdir. Amma ara-sıra əlində şar satana rast gəlinir. Gəncdir, deyir ki, gündəliyini qazana bilir, şükür edir, qiymət sabit deyil, dağına baxıb qar yağdırır. Kişmiş, qoz-fındıq satan xanım da mənim kimi kənardan insanları izləyir. Ara-sıra da “həbibi, maşallah” deyərək ərəb turistləri səsləyir. Ümidi uşaqlaradır, deyir ki, uşaqlar istəyəndə, valideynlər alır.

Mənim də diqqətimi elə bu ərəb sözləriylə çəkir, deyirəm axı, burada hamı ərəb dilində danışır. Uşaqlığımda gördüyüm tum “kulok”larını qarşısına düzüb, sadəcə  tumu qoz-fındıq, kişmiş əvəzləyib. Baha deyil, hər kuloku 1-2 manat, satışdan narazılığı yoxdur, mənim kimi onun da təəccübləndiyi çox şeylər var:

“Bunlar (turistlər) yorulmurlar, yaşlı qadınlar da ayaqlaırna “krasovka” geyinib gəzir, mənim imkanım olsa, heç evdən çölə çıxmaram. Yəqin “uşaqpulu” da verirlər ki, bu qədər uşaqları olur, hamısını da gətirirlər, “kalyaska”yla gəzdirirlər. Bəxtəvər başlarına, görəsən, ayaqları agrımır?”

Xanıma verəcək cavab tapmıram, çünki ünvan mən deyiləm. Ayağa qalıb sağollaşıram, şəhər turu bu qədər bəsdir, elə həmin an ərəb xanım yanındakı uşaqların təkidi ilə xanıma yaxınlaşır, ləpə götürmək istəyəndə bir “kulok”un içindəkilər yerə dağılır. Turist xanımın üzündə anında  utancaq təbəssüm görüb ayağımı sürüyürəm, sonunu izləmək pis olmaz.

Satıcı xanım önlüyündən torba çıxarır, yerə tökülən ləpələri yığıb oturacağın üstünə qoyur (imanımı yandıra bilmərəm, mən gedəndən sonra “kulok”a töküb satıb-satmayacağını Allah bilir), yeni “kulok” seçib xanıma verir, xanım da üzrxahlıq əlaməti olaraq çantasından çıxardığı bütün pulları satıcıya uzadır. O, uzaqlaşan kimi pulları saymağa başlayırıq, satıcı xanım əli, mən də gözlərimlə. 8 manat idi...

Избранный
12
1
cebheinfo.az

2Источники