RU

Azərbaycanda “China Ready” proqramı təqdim olunub

Bu gün Azərbaycanda “China Ready” proqramı təqdim olunub.

"Report" xəbər verir ki, təqdimat “Çin bazarına hazırlıq” tədbiri çərçivəsində baş tutub.

Layihənin məqsədi Azərbaycanı çinli səyahətçilərin üstünlük verdiyi turizm istiqamətinə çevirmək və turizm sənayesinin çinli turistləri qarşılamağa hazırlığını təmin etməkdir.

Proqram çərçivəsində mehmanxana, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinə ekspertlər tərəfindən təlim keçiriləcək.

Təlimlərdə Çin turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu, turizm məhsullarının hazırlanması, istehlakçı davranış modelləri və bazara çıxış strategiyaları mövzularında praktiki tövsiyələr təqdim olunacaq.

Təlimdə iştirak edən və yekun imtahandan uğurla keçənlərə rəsmi sertifikat veriləcək. Həmçinin iştirakçılar növbəti 12 ay ərzində Çin turizm bazarı üzrə yenilənmiş məlumatları elektron poçt vasitəsilə əldə edəcəklər.

Qeyd edək ki, “China Ready” beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınan proqram çinli turistlərin qəbulu üçün vacib tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılmış “China Ready” artıq 6 qitədə 53 ölkədə tətbiq olunur və Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr üçün nümunəvi model hesab edilir.

Избранный
45
1
report.az

2Источники