RU

Maddi-mənəvi irsimiz tariximizdir

Tarixi isə təkcə yaratmaq yox, həm də yaşatmaq lazımdır

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı Qarabağ ərazisində xalqımıza məxsus yüzlərlə tarixi, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, vandalizmə məruz qalıb.  Dağıdılmış, məhv edilmiş maddi mədəniyyət nümunələri arasında təkcə Şuşa, Laçın və Qubadlının deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin muzeylərində qorunub saxlanan sərvətlər talan edilərək Ermənistana daşınmışdır.

Artıq işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpa, yenidənqurma, inkişaf və çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin dağıdaraq yerlə yeksan etdiyi yurd yerlərimizə indi yeni nəfəs, qaynar həyat gəlib. Quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimiz bərpa və təmir olunur. 

XVIII əsrin ortalarında Pənahəli xan Cavanşir tərəfindən yaradılmış Qarabağ xanlığı, inanc yerlərimiz, maddi-mədəniyyət nümunələri, tarixi binalar, Bayat, Şahbulaq, Əsgəran, Pənahabad qalaları əvvəlki həyatına qovuşub. Dövlət səviyyəsində qəbul olunan Birinci Böyük qayıdış proqramı çərçivəsində bölgənin qədim mədəniyyətini, iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirən bu kimi tarixi yerlərin və abidələrin bərpası, habelə ədəbi, mədəni, ictimai xadimlərinin həyat və yaradıcılığını, fəaliyyətini əks etdirən ünvanların, ana dilimizin və maarifçiliyin təşəkkül tapdığı mədəni ocaqların mühafizəsi və tanıdılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. 

Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra burada xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Erməni vandalizminin Azərbaycan ərazilərinə hərbi təcavüzü nəticəsində təkcə ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələrinin, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrinin yerlə yeksan edilməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb.

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Qarabağda və ətraf rayonlarda mədəni-dini irsimizin yenidən xalqa qaytarılmasında böyük xidmətləri var. Heydər Əliyev Fondunun layihələri əsasında indiyə qədər tarixi yaddaşımızın bərpasına, habelə milli-mənəvi kimliyimizin daşıyıcısı olan minlərlə abidəyə nəfəs verilib. Proses bu gün də yüksək səviyyədə davam edir. Tarixi Zəfərdən sonra Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaq!" fikirləri artıq reallığa çevrilib.

Heydər Əliyev Fondu ötən müddət ərzində tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə öz dəstəyini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihələrdə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də iştirak edirlər. Bərpa işləri Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən dəvət olunmuş mütəxəssislərin təkliflərinin geniş məsləhət-məşvərətdən sonra reallaşır. Həmin işlər dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə mütərəqqi üsullar tətbiq edilir.

Məlumdur ki, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Kompleks Heydər Əliyev Fondu tərəfindən tarixi görkəminə uyğun bərpa edilib. Bundan əlavə, ötən müddət ərzində, həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün heykəlləri fondun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə də qısa müddət ərzində böyük işlər görülüb. Şəhərin tarixi abidələr yerləşən əraziləri zonalara ayrılıb. Bildiyimiz kimi, təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə sərəncamı şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurulması xüsusi həssaslıqla aparılır.

Heydər Əliyev Fondu tərəfindən aparılan bütün bərpa işlərinə, qeyd etdiyimiz kimi, xarici mütəxəssislər cəlb olunur, bu, tamamilə doğru yanaşmadır. Çünki bərpaolunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın sərvətidir. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün də ən prioritet məsələdir. Fond bu işlərdə mütəmadi olaraq Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir.

İşğaldan azad ediləndə Şuşadakı abidələrin dağıntılara məruz qaldığı tarixi tikililər sırasında Aşağı Gövhər ağa məscidinin həyətindəki mədrəsənin bərpası son dərəcə həssaslıqla aparılıb. Avstriyanın "PARTNER Consulting+Projects" şirkəti tərəfindən bərpası başa çatdırılan Ağdam Cümə məscidi də diqqətçəkəndir. Məscid Qarabağın tarixi baxımından çox möhtəşəm bir abidədir. Bərpa işlərində əsas məqsəd məscidin əvvəlki görüntüsünü özünə qaytarmaq və tarixi abidələr sırasında ön sırada görüntülənməsinə nail olmaq idi. Çünki erməni işğalı dövründə məscidin bütün tarixi elementləri dəyişdirilmişdi. Artıq tikilinin əvvəlki görkəmi tamamilə özünə qaytarılıb.

Şuşa şəhərində Mehmandarovlar malikanə kompleksi də digər tarixi abidələrimiz kimi, erməni işğalı dövründə dağıntılara məruz qalmışdı. Burada da yüksəksəviyyəli bərpa işləri aparılıb, abidənin əvvəlki görkəmi özünə qaytarılıb. Aparılan işlər zamanı tarixi mənbələrdəki fotolardan istifadə edilib.

Yeni Şuşa məscidi müasirliyi ilə yanaşı, qədimliyi də özündə ehtiva edir. Məscidin tikintisində həm daş və ağac kimi yerli materiallardan, həm də bir sıra üslub elementlərindən istifadədə edilib. Bu möhtəşəm ziyarətgah Şuşanın ənənəvi tikililərinə bağlılığı ilə maraqlıdır. Mütəxəssislərin fikrincə, Şuşa - dəyər, tarix, irs, mədəniyyət və təbii gözəlliyi olan bir məkandır. Odur ki, şəhər həm qorunmalı, həm də bütün gözəllikləri və qədimliyi ilə gələcək nəsillərə ötürülməlidir. Reallaşdırılan layihədə Şuşaya xas olan elementlər genişliyi ilə yer alıb. Ətraf mühitlə həmahəng olan Yeni Şuşa məscidi həm də şəhərin azad olunması tarixini əks etdirir.

Bütün bu işlər həm də dünyaya bir mesajdır ki, biz öz tarixi, mədəni, dini irsimizə sahib çıxırıq, onları ən ağır vəziyyətdən xilas edirik. Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu tarixi müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, Qarabağın yenidən dirçəldilməsi, həyata qaytarılması qısa müddətdə başa çatacaq.

Rəhman SALMANLI, 

"Azərbaycan"

Избранный
21
azerbaijan-news.az

1Источники