Almaniya Limanlarının Mərkəzi Assosiasiyası ölkənin müdafiə naziri Boris Pistoriusdan mümkün müharibəyə hazırlaşmaq üçün müdafiə büdcəsindən pul ayırmağı xahiş edib.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Assosiasiya nazirə ünvanladığı məktubda logistika qovşaqları kimi dəniz limanlarının hərbi ssenarilər üçün mərkəzi əhəmiyyət kəsb etdiyini və müharibə vəziyyətində onların birinci hücum xəttinə çevrildiyini bildirib.
“Biz heç vaxt müharibə etməyəcəyimizə ümid etsək belə, buna hazır olmalıyıq”, - məktubda deyilir.
Almaniya Limanlar Assosiasiyasının hesablamalarına görə, hazırlıq və müdafiə tədbirlərinin maliyyələşdirilməsi üçün büdcədən üç milyard avro lazım olacağı dəqiqləşib. Ehtimal olunur ki, bu vəsaitlər ağır yük daşımaları üçün ərazilərin, yanalma divarlarının təchiz edilməsinə, habelə liman obyektlərinin hücumlardan və kibertəhlükələrdən qorunması tədbirlərinin həyata keçirilməsinə yönəldiləcək.