RU

Azərbaycanın iqtisadi gücü və milli birliyimiz! TƏHLİL

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev: "Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır"

Dünyanın nəzər nöqtəsində olan Azərbaycan Zəfər tarixindən sonra yeni reallıqlar yaradıb. 44 günlük Vətən müharibəsindən sonra qısa bir zamanda, həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri Azərbaycanın iqtisadi gücünə, dinamik inkişafına söykənir. Əlbəttə ki, aparılan abadlıq-quruculuq işləri paralel olaraq ölkəmizin hər bir bir bölgəsində həyata keçirilir. Azərbaycanın rayonları, şəhər, kənd və qəsəbələri öz abadlığı, gözəlliyi və müasir görkəmi ilə fərqlənir. Bunlarla yanaşı, insanların sosial durumu - həyat şəraiti, mütəmadi olaraq, yaxşılaşdırılır. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə və zəfərlərə ruhlandırır. İctimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad olunan ərazilərdə görülən işlər - yeni infrastrukturun yaradılması, yeni yolların çəkilməsi, körpülərin salınması və s. ölkəmizin reallıqlarına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır: "İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür".

Azərbaycanın işğal altında olmuş torpaqlarında erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

TARİXƏ QOVUŞAN MİF

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd edib: "Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır". Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan vermiş oldu. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. Cənab Prezidentin mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfərləri və bu məkanlarda görülən işlərlə tanışlığı, eləcə də bir sıra obyektlərin təməlini qoyması minlərlə əzəli sakinin öz yurdunda məskunlaşmasına səbəb olub və bu davam etməkdədir. Azərbaycanın bugünkü reallıqları Prezident İlham Əliyevin müdrik siyasətindən qaynaqlanır. Azərbaycan 30 ilə yaxın bir zamanda işğal altında olan ərazilərini azad etdi. "Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız", - deyə Azərbaycan Prezidenti bildirib. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Artıq Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib və tarixi ədalət bərpa olunub. "Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində Mənə inanırdı", - deyə Prezident bildirib.DÜNYANIN ƏN MÜASİR KƏNDLƏRİNƏ KÖÇ

"Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur", - deyə Prezident diqqətə çatdırıb. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib və nəhəng işlər görülür. Vurğulayaq ki, artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri tarixi hadisəyə çevrilir. Ermənilərin yaratmaq istədikləri mif tarixə qovuşub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpaqlarda əbədi yurd salırlar. Vətən müharibəsində qazandığımız Zəfərdən beş ilə yaxın zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımızı reallığa çevirmək məqsədi ilə davamlı işlər görülür. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər.

Əlbəttə ki, 30 il erməni işğalında qalan ərazilərimizdə erməni vandalların törətdikləri vəhşiliklərin nəticəsində yurd yerləri dağdılmış, viran qoyulmuşdur. Əqli mülkiyyətimizə, maddi mədəniyyət abidələrimizə böyük ziyan dəymişdir. Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış, talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrimiz əlbəttə ki, tədricən bərpa və təmir olunur və olunacaqdır. Böyük Qayıdışın ilk karvanı, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi. 2022-ci ildə Ağalıya köç başladı. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilib. Daha sonra isə digər ərzizilərimizə qayıdış oldu. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Laçında yurd sakinlərinin səsi eşidilir."AZƏRBAYCAN ÖZ DÖVLƏT SUVERENLİYİNİ TAM BƏRPA ETMƏLİ İDİ VƏ BUNU ETDİ"

Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. "2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi", - deyə Azərbaycan Prezidenti bildirib. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, ağ bayraq qaldırmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur".

2023-cü il tariximizdə Böyük Qayıdışın sürətli inkişaf mərhələsi oldu. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevrilir və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar."QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA 140 MİN İNSAN YAŞAYACAQ"

Zəfər qazanmış və yeni reallıqlar yaratmış Azərbaycan mina terrorundan əziyyət çəkir. "Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Azərbaycan işğaldan azad olmuş ərazilərdə mina xəritələri üçün Ermənistana müraciətlər etsə də, Ermənistan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar edib. Ermənistanın sonradan verdiyi xəritələrin Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə etdiyi və onların yalnız 25 faiz dəqiq olduğu müəyyən edilib. Lakin Ermənistan əlində olan bütün xəritələri verdiyini iddia edir.

Ermənistanın cinayətkar əməlləri günahsız insanların həyatlarına təhlükə yaratmaqda davam edir. Kütləvi insan tələfatına səbəb ola biləcək minaların xəritəsi tam olaraq hələ də Azərbaycana verilməyib. Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı Azərbaycan tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edilsə də, nəticə əldə olunmayıb.

Bu gün Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Zəngilan kimi ərazilərimizdə aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə, tank əleyhinə yüzlərlə partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilir. Azərbaycanda artıq yeni bir dövr başlayıb. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər bizi yurd yerinə qaytardı. Azərbaycan tarixi ədaləti bərpa edib və Azərbaycan əzəli torpaqlarına sahibdir. Qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımızın Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.

Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. "Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər" – deyə Prezident bildirib.Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
sesqazeti.az

1Источники