RU

Sülh, quruculuq və qayıdış yeni dövrün yol xəritəsinin mühüm tərkib hissəsi kimi

"Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri işğaldan azad edilmiş bu bölgənin yenidənqurma prosesini, bütövlükdə milli iradəni, xalq-iqtidar birliyini və qalib Azərbaycanın yeni inkişaf mərhələsini təcəssüm etdirir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, dövlət başçısının “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə çıxışına başlaması, insanların doğma yurda 32 ildən sonra qayıdışını tarixi ədalətin bərpası kimi dəyərləndirməsi böyük mənəvi-siyasi əhəmiyyət daşıyır:

"Kəlbəcərin işğaldan azad olunması həm Vətən müharibəsinin qələbəsi, həm də sonrakı siyasi və diplomatik proseslərin ən mühüm nəticələrindən biri olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu hadisə dövlətimizin milli gücünü, xalqımızın mübarizə əzmini və qətiyyətini bütün dünyaya nümayiş etdirib. Kəlbəcərin azadlığı geosiyasi baxımdan strateji üstünlük qazandıraraq Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası anlamına gəlib. Tarixi uğurun təməlində xalqımızın sarsılmaz iradəsi, hər qarış torpaq uğrunda canını fəda etməyə hazır olan igid əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şəhidlərimizin qanı ilə yazılmış yeni tarix dayanır.

Dövlət başçısı çıxışında 1993-cü ilin aprelində Kəlbəcərin işğalını Azərbaycanın ən böyük faciələrindən biri kimi qiymətləndirdi. Strateji coğrafi mövqeyə, zəngin təbii sərvətlərə malik Kəlbəcərin itirilməsi Ermənistanın işğal planlarının genişlənməsinə zəmin yaratmışdı. Həmin dövrdə hakimiyyətdə olan məsuliyyətsiz və xəyanətkar qüvvələr Azərbaycan müdafiə sistemini iflic vəziyyətinə salmış, nəticədə ard-arda Şuşa, Laçın və Kəlbəcərin itirilməsi bütövlükdə Qarabağın işğalına yol açmışdı. Bu fakt təkcə hərbi uğursuzluq deyil, həm də siyasi iradəsizliyin nəticəsi idi.

Azərbaycan Prezidenti, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal antiterror tədbirlərinə toxunub. Bu əməliyyat nəticəsində qondarma qurumun bütün hərbi-siyasi strukturları tamamilə ləğv edilib və Azərbaycanın suverenliyi tam bərqərar olub. Bu əməliyyat həm də göstərdi ki, dövlətimiz öz torpaqlarında heç bir qeyri-qanuni silahlı birləşmənin mövcudluğuna imkan verməyəcək. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinin və milli təhlükəsizlik strategiyasının uğurla reallaşmasının bariz nümunəsinə çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir: “O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır”.

Prezident İlham Əliyevin çıxışında ən ümidverici məqamlardan biri də Kəlbəcərin yenidən qurulması ilə bağlı idi. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Şəhərə işıq, qaz, su xətləri çəkilib, yollar salınıb, mina təmizləmə işləri aparılıb. Yeni məktəbin tikintisi davam etdirilir, uşaqlar üçün modul tipli təhsil müəssisəsi istifadəyə verilib. Bütün bunlar “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyini sübut edir. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Cənab İlham Əliyevin vurğuladığı digər mühüm məqam ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlar idi. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində formalaşan yeni reallıqlar dünya tərəfindən qəbul edilib. Ermənistanı dəstəkləyən qüvvələrin təzyiqləri nəticəsiz qalıb. Azərbaycanın sülhün təşəbbüskarı kimi Ermənistanla imzaladığı sənədlər dövlətimizin maraqlarını tam şəkildə təmin edib. Eyni zamanda, dövlətimizin diplomatik mövqeyi daha da güclənib, regionda tərəfdaşlıq və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Naxçıvanla quru bağlantısının təmin olunması və Zəngəzur dəhlizinin açılması kimi strateji layihələr ölkəmizin regional əhəmiyyətini artırıb. Bütün bu uğurlar ölkəmizin beynəlxalq səviyyədə etibarlı, güclü tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir.

Naxçıvanla quru bağlantısının yaradılması, Zəngəzur dəhlizinin reallaşması istiqamətində görülən işlər Azərbaycanın həm regional, həm də qlobal əhəmiyyətini artırır. Dövlətimizin əsas məqsədi quruculuqdur, Ermənistanın viran qoyduğu şəhər və kəndlərin yerində indi müasir yaşayış kompleksləri, məktəblər, mədəniyyət ocaqları və infrastruktur layihələri inşa olunur. Bu fakt qalib xalqın böyüklüyünü, humanizm prinsipinə sadiqliyini nümayiş etdirir. Azərbaycan düşməndən qisasını döyüş meydanında aldı, lakin müharibədən sonrakı mərhələdə sülh və inkişaf yolunu seçdi.

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri çərçivəsində toxunduğu məqamlar xalqımıza gələcək inkişaf yolunu göstərir, milli birliyi, dövlətin gücünü və strateji baxışını təcəssüm etdirir. Kəlbəcərə dönüş yeni inkişaf dövrünün başlanğıcıdır, Azərbaycan bundan sonra da güclü dövlət kimi regionda sülhün, təhlükəsizliyin və inkişafın təminatçısı kimi çıxış edəcəkdir".

Избранный
49
4
unikal.az

10Источники