RU

XalqınMehribanı

Birinci vitse-prezidentin fəaliyyəti humanizmə, quruculuğa və rifaha xidmət edir

Humanizm, xeyirxahlıq, nəciblik, insanlara və cəmiyyətə faydalı olmaq duyğusu bəşəriyyət var olduqca yaşayan dəyərlərdir. Bu ali keyfiyyətlərin daşıyıcıları isə həmin missiyanı yerinə yetirə biləcək böyük şəxsiyyətlərdir. Onlar saleh əməlləri ilə adlarını ucaldır, nəsillərin yaddaşına əsl örnək kimi daxil olurlar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da məhz belə şəxsiyyətlərdəndir. Bu nəcib xanımın keçdiyi həyat yolu, malik olduğu dəyərlər, gördüyü işlər ölkəmizdə və bütün dünyada böyük rəğbətlə qarşılanır, xeyirxahlığın, mehribanlığın, sevginin simvoluna çevrilir. 

"Bizim birinci xanım"

Azərbaycan və dünya ictimaiyyətinə, adı daha çox, ötən əsrin 90-cı illərinin ortalarından yaxşı tanış olan Mehriban xanım Əliyevanın bu uzun illər ərzində yerinə yetirdiyi vəzifələr, gördüyü işlər çoxşaxəlidir - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, "Azərbaycan-İrs" jurnalının redaktoru, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri… Bu vəzifələrin hər biri şərəfli Azərbaycan qadınının fəaliyyətinin yalnız bir istiqamətini əks etdirir. Lakin bütün bu vəzifələrin, ali yüksək məqamların arxasında duran bir əsas mənəvi vəzifə var: xalqa və insanlığa xidmət missiyası.

Elə buna görə də milyonlarla insan üçün o, bütün titullardan, vəzifələrdən kənar sadəcə doğma bir insandır, hər kəsin ümid və qürur yeridir, özünün də ifadə etdiyi kimi, "Bizim Mehriban"dır. Bu doğma adı ilə Mehriban xanım Əliyeva - Azərbaycan qadınının müasir siması, xalqın sevgi və ehtiramını qazanmış şəfqət, ümid işığı, xeyirxahlıq, haqq-ədalət ünvanıdır.

Prezident İlham Əliyevin söylədiyi kimi: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır".

Hansısa məsələdə dara düşən, çarəsiz qalan, problemlərinin həllini axtaran insanların ilk xatırladığı adlardan biri də məhz onun adıdır: insanlar Mehriban xanım Əliyevaya üz tutur, məktub yazır, qəbuluna gəlir və ən önəmlisi - heç kim bu addan, ünvandan ümidsiz geri dönmür.

Mehriban xanımın səmimiyyəti, sadəliyi, insanlara yaxınlığı, mehribanlığı onun ətrafında xüsusi bir mühit formalaşdırır. Bu mühitdə saxtakarlığa yer yoxdur - yalnız etibar, xoş enerji, saf münasibət var. İnsanların dərdini dinləmək, çətinliyini bölüşmək, ona əl uzatmaq - bütün bunlar onun həyat kredosuna çevrilib. Birinin ağrısını öz ağrısı kimi yaşamaq, hər bir müraciətə insanlıqla yanaşmaq isə onu fərqləndirən əsas xüsusiyyətdir.

Sosial sifarişdən doğan böyük etimad

Səkkiz il əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Vətəndaşlarımızın ürəyindən xəbər verən bu qərar adi bir vəzifə təyinatı deyildi. Son illər ölkəmizdə aparılan ardıcıl islahatların, baş verən dəyişikliklərin bundan sonra daha da sürətlənəcəyinin, Azərbaycanda müsbətə doğru əsaslı dəyişikliklərin baş verəcəyinin, idarəetmə sistemində və ümumən cəmiyyətimizdə tamamilə yeni bir dövrə keçidin xoş müjdəsi idi.

Azərbaycanın Birinci vitse-prezidenti təyinatı 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla ölkə Konstitusiyasına edilmiş dəyişikliklər əsasında yaradılmışdı. Bu dəyişikliyə qədər Azərbaycanın idarəetmə sistemində belə bir təsisat mövcud deyildi.  Özünü doğrultmuş bu mütərəqqi dünya təcrübəsinin Azərbaycanda da yaradılması bir sıra məqsədlərə xidmət edirdi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün aparılan sistemli islahatlar fonunda vitse-prezidentlik institutu dövlət idarəetməsinin daha səmərəli və çevik hala gətirilməsinə töhfə verir. Daxili və xarici siyasətdə səmərəliliyin əldə olunmasına, bir çox məsələnin, layihənin icrasında daha operativ qərarların qəbuluna, onların icrası vəziyyətinin həssaslıqla nəzarətdə saxlanmasına şərait yaradır, ölkənin iqtisadi və sosial inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır.  

Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə məhz Mehriban xanım Əliyevanın təyin edilməsi, əslində, xalqımızın sosial sifarişi idi. Vətəndaşlarımız əmin idilər ki, bu təsisatı ən mükəmməl şəkildə məhz Mehriban xanım formalaşdıra, bu vəzifənin öhdəliklərini layiqincə yerinə yetirib cəmiyyətimizin, insanlarımızın həyatına yeni faydalar gətirə bilər.

Prezident İlham Əliyevin bu qərarı bir tərəfdən Azərbaycan naminə görülmüş işlərin, ardıcıl fəaliyyətlə dövlətimiz, cəmiyyətimiz üçün yaradılmış faydaların layiqli qiyməti, digər tərəfdən isə cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verilən dəyərin ifadəsidir. Mehriban xanım bu təyinatdan sonrakı müsahibələrinin birində qeyd edirdi ki, onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağı barədə qərar məhz Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi: "Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev, ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam". 

21 fevral 2017-ci ildən keçən tarix salnaməsinin hər səhifəsi bu inamı doğruldan layiqli işlərlə, real əməllərlə, parlaq nəticələrlə zəngindir. Bu illərdə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri sosial sahəyə aid olmuşdur. Dövlətimizin genişmiqyaslı sosial inkişaf proqramlarının icrasında, bu çərçivədə görülən işlərin bilavasitə nəzarətdə saxlanmasında çox mühüm rol oynamış, həyata keçirilən sosial siyasətin öz məqsədlərinə çatmasına, bu sahəyə yönələn resurslardan səmərəli şəkildə istifadə edilməsinə, ən yaxşı beynəlxalq təcrübələrin, innovasiyaların tətbiqinə nail olmuşdur. 

Dövlətimizin sosial dəstəyi, diqqət və qayğısı ilə əhatə olunmuş hər bir Azərbaycan vətəndaşı bu nailiyyətləri gündəlik həyatında hiss edir.

Xeyirxahlıq genindən gəlir

Bir müddət əvvəl dünya mətbuatı onun haqqında belə yazırdı: "Azərbaycanın birinci xanımı müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır". Bu dəqiq qiymətləndirmə heç də təsadüfi deyil. Mehriban xanım Əliyeva yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq qadınının müasir simasına, humanizm və nəciblik rəmzinə çevrilib. Azərbaycan qadınının ən gözəl keyfiyyətləri - qayğıkeşlik, mərhəmət onun simasında parlaq şəkildə öz əksini tapır. 

Mehriban xanım dünyaya işıq bəxş edərək bu işığın zərrələrində aydın gələcəyə can atan şəxsiyyətlərdəndir. Tarixin ən müxtəlif dövrlərində yaşamış bütün böyük maarifçilər kimi, o da fərqindədir ki, insanların düşüncəsində, əməllərində, taleyində parlamağa başlayan işığın mənbəyi məhz təhsildən gəlir. Ona görə Mehriban xanım Əliyevanın fəaliyyətində təhsil xüsusi yer tutur.  Onun təşəbbüsü ilə ölkəmizdə böyük uğurla həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu fəaliyyətin yaratdığı ən gözəl nəticələrdəndir. Bu layihə çərçivəsində ölkəmizin bütün bölgələrində müasir standartlara cavab verən, yüksək tədris mühiti təmin edən yüzlərlə yeni məktəb inşa edildi və yaxud mövcud olanları yenidən quruldu. Böyüməkdə olan nəslin sağlam və işıqlı sinif otaqlarında təhsil alması, müəllimlərin rahat və modern şəraitdə işləməsi üçün hər cür şərait yaradıldı. Əyalətlərdə yaşayan Azərbaycan balaları da paytaxtdakı həmyaşıdları ilə eyni standartlarda təhsil almaq imkanları qazandılar. Bu, yalnız bir infrastruktur layihəsi deyil - sosial ədalətin, bərabər imkanların, gələcəyimizə qayğının bariz nümunəsidir.

Bu gün ölkəmizin hər guşəsində tikilən yeni məktəblər sabaha atılan möhkəm təməldir. Burada təhsil alan hər bir uşaq Azərbaycanın gələcəyi, dövlətimizin intellektual potensialı deməkdir. Bu mənada, Mehriban xanım Əliyeva, sözün əsl mənasında, Azərbaycanın sabahını işıqlandıran yol açır. 

Birinci xanımın təşəbbüsü ilə həyata keçirilən "Təhsilə dəstək" layihəsinin də məqsədi oxşardır. Layihə təhsildə bərabər imkanları təmin etmək, məktəblərdə və ali təhsil müəssisələrində şagird və tələbələrin ehtiyaclarını ödəmək, müəllimlərin iş şəraitini yaxşılaşdırmaqdır. Bu təşəbbüs çərçivəsində məktəblər müasir avadanlıq, kompüter sinifləri, laboratoriyalar, kitabxanalarla təmin edilir, ehtiyacı olan şagirdlərə təhsil vəsaitləri, dərsliklər paylanır. Layihə sayəsində minlərlə gənc daha keyfiyyətli təhsil almaq, potensialını reallaşdırmaq imkanına malik olur.

"Təhsilə dəstək" layihəsi yalnız maddi yardım deyil - bu həm də mənəvi dəstəkdir. Hər bir uşaq və gənc bilir ki, onların uğuru dövlətin və cəmiyyətin diqqətindədir, bu təbəqənin inkişafı gələcəyimiz üçün prioritetdir. Bu isə həmin təbəqəni daha məsuliyyətli, daha hədəfli və yaradıcı olmağa ruhlandırır. Mehriban xanımın təşəbbüsü ilə bu layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində də təhsillə bağlı dəstəkləyici tədbirlər həyata keçirilmiş, məktəblər inşa olunmuş, təhsil müəssisələrinin təchizatına dəstək verilmiş, bütün bunlar Azərbaycanın dünyadakı dostlarının sayını daha da artırmışdır.  

Mehriban ana 

Mehriban xanım kimsəsiz körpələr üçün də ən doğma bir insandır. Bütün Azərbaycan balaları onun şəfqətli qəlbinin işığından pay alır, xəstəliklə mübarizə aparan balacalar onun qayğısında ümid tapır. Birinci vitse-prezident bu uşaqları bağrına basaraq Azərbaycan adlı böyük ailənin mərhəmətli qanadlarını onların üzünə açır.

Mehriban Əliyevanın təşəbbüsü ilə "Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı" çərçivəsində paytaxtda və bölgələrdə yerləşən müəssisələrdə aparılan islahatlar, problemlərin öyrənilməsi və həlli istiqamətində görülən işlər uşaqların gələcəyinə inam bəxş edir. Azərbaycanın Birinci vitse-prezidentinin bayramlarda körpələr evlərinə etdiyi səfərlər, uşaqlara təqdim etdiyi hədiyyələr, saraylarımızda balacalar üçün təşkil olunan şənliklər sadəcə mərasim deyil - bu, saf sevginin, qayğının canlı təcəssümüdür. Artıq yaşa dolaraq uşaq evlərindəki həyatını başa vuran kimsəsiz gənclər üçün ölkənin müxtəlif regionlarında yaşayış binalarının tikintisi, onlara mənzillərin verilməsi, ailə qurub ev-ocaq sahibi olmalarına kömək göstərilməsi də əsl ana sevgisindən, qayğısından irəli gəlir. 

Uşaqlar hər bir xalqın sabahı, millətin gələcəyidir. Onların sağlam böyüməsi, keyfiyyətli təhsil alması, cəmiyyətin fəal üzvünə çevrilməsi dövlətin və cəmiyyətin ən ümdə vəzifəsidir. Bəzənsə həyat uşaqları körpə vaxtlardan ağır sınaqlarla üz-üzə qoyur. Onlardan biri də şəkərli diabetdir - hər gün ciddi nəzarət, pəhriz, xüsusi dərman və qayğı tələb edən xəstəlik fidan ömürlü balaların ömrünü təhdid edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi erkən yaşlardan bu xəstəliklə mübarizə aparan uşaqlara kömək niyyətindən irəli gəlir. Layihənin məqsədi diabetdən əziyyət çəkən uşaqların həyatını asanlaşdırmaq, onların sağlamlığına diqqəti artırmaq, müasir müalicə vasitələri ilə təmin etməkdir.

Layihə sayəsində hər il minlərlə uşaq pulsuz olaraq insulin preparatları, müasir tibbi avadanlıqlar, lazımi dərman vasitələri ilə təmin olunur. Xüsusi tibbi müşahidə, maarifləndirici proqramlar, valideynlərlə keçirilən görüşlər uşaqların gündəlik həyatını daha rahat və təhlükəsiz edir.

Ən önəmlisi isə odur ki, layihə sadəcə tibbi yardım deyil - mənəvi dəstəkdir. Bu təşəbbüs hər bir uşağa "sən tək deyilsən, cəmiyyət sənin yanındadır" ismarışını verir. Diabetli balalarımıza göstərilən diqqət onların həyata daha güclü bağlanmasına, özlərinə inamlarının artmasına səbəb olur.

Mehriban xanım Əliyeva bu layihə ilə də bir daha təsdiqləyir ki, insan sağlamlığı, xüsusən uşaqların sağlam gələcəyi hər şeydən önəmlidir. Çünki sağlam gələcək, güclü dövlət deməkdir.

Sağlam həyat naminə

Onun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" layihəsi də bu baxımdan minlərlə ailə üçün ümid işığına çevrilib. Mehriban xanımın rəhbərliyi ilə ölkəmizdə Talassemiya Mərkəzinin yaradılması bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir. Burada müasir laboratoriyalar, qan bankı, yüksəksəviyyəli diaqnostika və müalicə imkanları mövcuddur.

Belə bir təşəbbüs sayəsində illər ərzində minlərlə uşaq və gənc yenidən həyat qazanıb, sağlam həyata qovuşmaq şansı əldə edib. Buna paralel olaraq cəmiyyətimizdə qan donorluğunun təşviqi, ictimaiyyətin məsələyə diqqətinin artırılması da həmrəylik və insanpərvərlik nümunəsidir.

Əslində, "Talassemiyasız həyat naminə" layihəsi sadəcə tibbi proqram deyil - bu, mənəvi missiyadır. Layihə hər bir uşağa "sənin gələcəyin var, sən ümidini itirmə" inamını aşılayır, minlərlə ailənin həyatına sevinc, işıq gətirir.

Mehriban xanım Əliyeva bu təşəbbüslə bir daha sübut etdi ki, "Talassemiyasız həyat naminə" həm də minlərlə insanın ürəyində yaşatdığı ümid dolu şüardır.

Birinci xanımın rəhbərliyi ilə indiyə qədər digər çoxsaylı sosial-humanitar layihələrə də imza atılıb. Fiziki əngəllilər üçün xüsusi mərkəzlərin yaradılması, ehtiyacı olanların tibbi təminatının gücləndirilməsi, BMT-nin İnkişaf Proqramı ilə birgə görmə qabiliyyətini itirmiş və zəif görən insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin olunması - bütün bunlar sadəcə layihə deyil, nə qədər insanın həyatını dəyişən real dəstəkdir.

Mədəniyyətimizin hamisi 

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və dünyada təbliğində, tarixi irsimizin mühafizəsində də Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Dünya Azərbaycan həqiqətlərinə bu illər ərzində həm də birinci xanımın fədakar fəaliyyəti sayəsində bələd oldu, region tarixini onun ardıcıl layihələri sayəsində öyrəndi. Bütün bunlar ölkəmizin mədəniyyət diplomatiyasının uğurlarıdır. İllər əvvəl həyata keçirilmiş "Qarabağ xanəndələri" kimi mədəniyyət layihələri beynəlxalq ictimaiyyət üçün Azərbaycanla bağlı əsl gerçəkləri göstərən yol bələdçisinə çevrildi. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarıqları ilə Azərbaycanda ən yüksək səviyyədə təşkil olunmuş "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi tədbirlər dünyaya əsl Azərbaycanın simasını, gözəlliklərini göstərdi. Planetimizin müxtəlif məkanlarında yaşayan hər kəs gördü ki, Azərbaycan - müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların minilliklər boyu bir arada yaşadığı, qarşılıqlı hörmət və anlaşma mühitinin qorunduğu nadir ölkələrdən biridir. Bu xüsusiyyət ölkəmizi yalnız regionda deyil, bütün dünyada fərqləndirir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi də məhz bu minillik ənənələrin qorunması və inkişaf etdirilməsi məqsədinə xidmət edir. Layihə çərçivəsində keçirilən tədbirlər, konfranslar, maarifləndirici proqramlar, interaktiv layihələr gənc nəsli müxtəlifliyə hörmət etməyə, fərqlilikləri zənginlik kimi qəbul etməyə ruhlandırır. Bu təşəbbüs uşaqlara, gənclərə və cəmiyyətin bütün təbəqələrinə bir mesaj verir: biz müxtəlif ola bilərik, amma birlikdə güclüyük.

Mehriban xanım Əliyeva belə təşəbbüslərlə, layihələrlə bir daha göstərir ki, təhsil və mədəniyyət yalnız bilik vermir, həm də insanları birləşdirir, onlara humanizm və hörmət aşılayır. Layihə həm ölkəmizin, həm də bölgənin tolerantlıq və sülh modeli kimi nüfuzunu artırır. Bununla Mehriban xanım dolayısı ilə bütün dünyada sülhə, quruculuğa, insanın rifah və xoşbəxtliyinə xidmət edir.

Bəşəri dəyərlər daşıyıcısı

Mehriban xanım Əliyeva sülh elçisi olaraq fərqli sivilizasiyalar, dinlər arasında körpü yaradan, fərqli mədəniyyətlərə hörmət ruhu aşılayan şəxsiyyətdir. Bu gün Azərbaycanın dünyada dialoq məkanı kimi tanınmasında Birinci vitse-prezidentin əməyi çox böyükdür. Bütün bunlar dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin təşkilinə Mehriban xanımın da böyük zəhmət sərf etdiyi humanitar forumların, müxtəlif mədəni təşəbbüslərin sayəsində mümkün olmuşdur. Məhz bu fəaliyyət nəticəsində 2008-ci ildə paytaxtımızdan start götürmüş "Bakı prosesi" bu gün dünyada mədəniyyətlərarası dialoq, multikulturalizm sahəsində ən uğurlu platformalardan biri kimi qəbul olunur. Bu istiqamətdə apardığı ardıcıl fəaliyyətlə, mədəniyyət incilərimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği ilə Mehriban xanım Azərbaycanın mədəniyyət diplomatiyasının uğurları üçün də misilsiz işlər görür.

Ən mühümü isə Birinci vitse-prezident bütün dinlərin, mədəniyyətlərin bəşəriyyətə təlqin etdiyi ali dəyərləri - insana sevgini, şəfqəti, xeyirxahlığı, köməyə ehtiyacı olanlara əl tutmağı, eləcə də çağdaş dünyamızda bu dəyərlərin daşıyıcılarına nə qədər böyük ehtiyacın olduğunu öz fəaliyyəti ilə təsdiqləyir. Bunları həyat normalarına çevirir. 

Bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Şərqi Zəngəzurda, Qarabağda tarixi yaddaşı bərpa edir, yerlə yeksan olunmuş abidələrimizi yenidən həyata qaytarır. Şuşa şəhərindəki Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Çöl qala, Mamayı, Saatlı məscidlərinin, Ağdam və Zəngilan şəhərlərindəki Cümə məscidlərinin təmir-bərpası, Hadrutda, Daşaltıda yeni məscidlərin inşası və yenə də görülməkdə olan işlər Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə sevgisinin, sülh və quruculuq amalının Qarabağda, Şərqi Zəngəzurda nəcib əməllərə çevrilən ifadəsidir.   

Mehriban xanım Əliyeva - bu ad siyasətdə müdriklik, idarəetmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ən yaxın silahdaşlıq, cəmiyyətdə xeyirxahlıq, mərhəmət, mədəniyyətdə incə zövqün rəmzidir. O, çağdaş düşüncə tərzini Azərbaycan qadınının zərifliyi ilə birləşdirərək, cəmiyyətimizdə qadınların ictimai fəallığını əks etdirən yeni bir modelin müəllifidir. 

"Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır - daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir". Özü həyat fəlsəfəsini, insanlara və dünyaya baxışını ən gözəl şəkildə belə ifadə edir. Belə bir fəlsəfə ilə Mehriban xanım, əslində, dünyanı da yaxşılığa doğru dəyişir, kamilləşdirir, çünki ən böyük dəyişikliklər, kamilliyə gedən yol özümüzdən başlanır.  

Birinci vitse-prezident Mehriban xanım Əliyeva üçün hər yeni yaş da kamilliyə doğru daha bir addım, zirvəyə doğru daha bir pillə, böyük hədəflərə doğru daha bir nailiyyətdir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
33
azerbaijan-news.az

1Источники