RU

Paşinyan Müstəqillik Bəyannaməsinə damğa qoydu - "Yanlışdır"...


Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyan avqustun 23-də ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümünə həsr olunmuş bəyanatla çıxış edib. Onun sözlərinə görə, Ermənistanın Qarabağa iddialarını özündə əks etdirən bu sənəd Sovet hökumətinin təqdim etdiyi vətənpərvərlik modelinə əsaslanıb.

Paşinyan bildirib ki, Ermənistan yalnız indi, Azərbaycanla sülh razılaşması əldə etdikdən və Qarabağa iddialardan əl çəkəndən sonra həqiqi müstəqilliyinə nail olub. Başqa sözlə, Nikol Paşinyan diqqətə çatdırıb ki, Sovet hökumətinin təqdim etdiyi vətənpərvərlik modeli əsasında Müstəqillik Bəyannaməsinin qəbulunda yanlışlığıa yol verilib və bu da Ermənistanın indiki problemlərlə üzləşməsinin əsasında dayanan əsas faktorlardan biri olub.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olmuş respublikanın adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılır, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi elan edilir. Bununla belə, mətndə Ermənistanın SSRİ-dən çıxması qeyd olunmur, ölkə 1991-ci ilin dekabrında onun dağılması ilə əlaqədar İttifaqı tərk edib. Bəyannamədə həmçinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsindən bəhs edilir. Paşinyanın sözlərinə görə, bəyannamənin müddəaları qəbul edilərkən Ermənistanda ovaxtkı siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib: “Sovet İttifaqının biz ermənilər üçün yaratdığı vətənpərvərlik modeli SSRİ-nin - İkinci Dünya Müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş dövlətin ambisiyalarının cənub-qərb istiqamətini əks etdirirdi. Digər tərəfdən, bu model Ermənistan SSR-də mövcud olan vətənpərvərlik ideyalarının yerli təzahürünün qarşısını almaq üçün respublikadan kənara çıxarılmasını təmin etmək üçün nəzərdə tutulmuşdu. Bu ideologiya onilliklər boyu kitablar, filmlər, tamaşalar teatr tamaşaları vasitəsilə bizə sırıyıb və Qarabağ hərəkatının yaranmasına məhz bu şəkildə formalaşan sosial-psixologiyamız səbəb olub. Biz hamımız bu sosiopsixologiyanın daşıyıcısı idik, SSRİ-nin formalaşdırdığı bu sosiopsixologiya 90-cı illərdə Ermənistan Respublikasında formalaşmış nəsillərə ötürülürdü və bu sosiopsixologiyanın dərin, şüuraltı məqsədi Ermənistanın müstəqil dövlətinin mövcudluğunun strateji cəhətdən mümkünsüzlüyü idi, çünki bir ölkə real münaqişə şəraitində müstəqil mühit qura bilməz”. Paşinyan bəyanatında bildirib ki, bu vətənpərvərlik modeli Ermənistanın özünə deyil, xaricə yönəlib və onun nəticəsi Qarabağ ərazisinə iddialar olub. Paşinyan qeyd edib ki, fəaliyyəti 1988-ci ildə Qarabağın Ermənistana verilməsi tələbinə gətirib çıxaran və bundan sonra regionda qanlı münaqişənin başlanmasına səbəb olan Qarabağ hərəkatı Ermənistan cəmiyyətinə xas olan, sovet hakimiyyətinin tətbiq etdiyi sosiopsixologiyanı əks etdirir. Baş nazirin fikrincə, hərəkatın fəaliyyətinin nəticəsi müstəqil Ermənistan dövlətinin mövcudluğunun strateji cəhətdən qeyri-mümkün edib, çünki xarici münaqişə kontekstində mövcud olan ölkə real müstəqillik qura bilməz. Paşinyan bildirib ki, o, Qarabağ hərəkatının davam etdirilməsinin ölkə üçün fəlakətlə nəticələnəcəyi qənaətinə gəlib: “Baş nazir kimi mənə verilən məlumatların və reallığın tam, hərtərəfli təhlili məni Qarabağ hərəkatını davam etdirməməli olduğumuz sarsılmaz inamına gətirib çıxardı, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin aradan qaldırılması deməkdir”.

O qeyd edib ki, 44 günlük müharibədən qaçmaq üçün yeganə nəzəri imkan olduğu halda, “nə üçün Ermənistan Respublikası, hökumətimiz və şəxsən mən 2020-ci ilin sentyabrına qədər güzəştə getmədik? Bunun əsas səbəbi o idi ki, bu güzəştlər nəticəsində bizim bütün təhlükə və asılılıqlarımız qeyri-mütənasib şəkildə artacaq və bu da Ermənistanın müstəqilliyini və dövlətçiliyini itirməsinə gətirib çıxaracaq”. Amma həmin vaxt savaşın dayandırlması üçün də Ermənsistan işğal altındakı bütün əraziləri Azərbaycana qaytarmalı idi. Əks halda savaş davam edəcəkdi. Paşinyanın sözlərinə görə, Ermənistanın son illərdə onun rəhbərliyi altında apardığı siyasət Azərbaycanla sülhü və Türkiyə ilə real dialoqun başlamasını mümkün edib: “Ağır sınaqlardan keçərək biz inanılmaz görünən bir mərhələyə çatdıq: Ermənistan Respublikası bu gün həmişəkindən daha müstəqil, daha suverendir, həmişəkindən daha çox dövlətdir, həmişəkindən daha çox çiçəklənir, həmişəkindən daha perspektivlidir, çünki o, sülhsevərdir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıcı oldu”. Baş nazir artıq dərk etdiyi reallığı xalqa çatdırır, işarə edir ki, Ermənistanın təcrid vəziyyətindən çıxmaq, layihələrə qoşulmaq, can verən iqtisadiyyatını dirçəltmək üçün yeganə yolu Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə razılıq vermək, kommunikasiyaları açmaqdır. Bu həm də sərhədlərin demarkasiya və delimitasiyası prosesinin sürətlənməsi deməkdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Nikol Paşinyan dəfələrlə Tavuş istiqamətində demarkasiya edilən sərhəd xəttini ən təhlükəsiz ərazi adlandırıb. Artıq digər ərazilərin də dəqiqləşdirilməsi Ermənistan üçün daha vacibdir. Bununla yanaşı, hökumət başçısı etiraf edib ki, Azərbaycanın bir sıra əraziləri də demarkasiya və delimitasya yolu ilə əsl sahiblərinə qaytarılacaq. Bu, rəsmi Bakının haqlı tələblərindən biri idi və artıq İrəvan reallığı dərk və qəbul edərək, ilk addımı atmaq üzrədir. Xatırladaq ki, Azərbaycanın dörd anklavı - Yuxarı Əskipara, Sofulu, Barxudarlı, bir də Naxçıvan tərəfdə Kərki kəndi hazırda Ermənistanın nəzarətindədir. Ermənistan tərəfi Kərkidəki 180 nəfər də daxil, ümumilikdə bu ərazilərdə 400 sakinin olduğunu deyir. Ötən onilliklərdə Başkənddə daimi məskunlaşma olmasa da, əhali örüş sahələri kimi istifadə edir. Nikol Paşinyan avqustun 21-də iki ölkənin bir-birinə ərazi qaytarma mümkünlüyündən danışıb. O, ərazilərin mübadiləsi variantını da istisna etməyib. Azərbaycan rəsmiləri Paşinyanın ərazi mübadiləsi məsələsinə münasibət bildirməyib. Amma prezident İlham Əliyev ötən ilin yanvarında demişdi ki, anklav kəndlərlə bağlı ayrıca ekspert qrupu yaradılmalıdır, bütün anklavlar qaytarılmalıdır. Amma bu məsələdə bir hərəkətlilik yoxdur.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, ən yaxşı yol elə anklavların geri qaytarılması yox, torpaq mübadiləsidir, bu, gələcək təxribatlardan uzaq həll yoludur: “Zənn edək ki, Başkəndi Ermənistana veririk, onlar da bizə dörd kəndi verirlər. Sabah ora heç kəsin təhlükəsiz şəkildə gedib gəlməsi mümkün olmayacaq. Burada ən yaxşı variant – Yuxarı Əskipara və Kərkinin torpaq ərazisi Başkəndin ərazisinə bərabərdir - dəyişdirməkdir. Sofulu və Barxudarlı kəndlərinin Azərbaycan sərhədinə olan hissəsindən Ermənistan Azərbaycana verir. O biri başdan verdiyi qədər ərazini də özünə götürür. Bununla da məsələ bitmiş olur”. Vaxtilə Paşinyan bəyan edirdi ki, Azərbaycanın geri almaq istədiyi anklavlarla bağlı hüquqi əsası yoxdur, avqustun 21-dəki çıxışında isə baş nazir mahiyyət etibarilə həmin əsasların mövcud olduğunu təkzib etməyib. Tərəflərin bir-birinə anklavlarla bağlı hüquqi əsaslarını təqdim edəcəyini deyib, xatırladıb ki, hər iki ölkə Almatı deklarasiyasına uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü tanıyır. Ötən ilin aprelində iki ölkə Tavuş vilayətində delimitasiya zamanı 12 km-lik sərhəd üzrə razılığa gəlib. Bu zaman Qazaxın əvvəllər Ermənistanın nəzarətində olan dörd kəndi Azərbaycana qaytarılıb.

Nahid SALAYEV

Избранный
8
baki-xeber.com

1Источники