RU

Azərbaycanda “hər an müharibəyə hazır olmaq kursu” bəyan edildi...


Ramil Məmmədli: “Hər an potensial təhdidləri önləməyə hazır olmalıyıq”

“Dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq”. Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Ölkə başçısının fikrincə, biz hər an müharibəyə hazır olmalıyıq: “Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq”.

“Bu o deməkdir ki, döyüş təcrübəsi olan ordumuzu daha da gücləndirməliyik”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezidentin toxunduğu məqamlar müasir dünyanın reallığını əks etdirir: “Bəli, həqiqətən də sabah nə baş verəcəyini bilmək olmaz. Ona görə də dövlət, ölkə olaraq birinci növbədə özümüzə və ordumuza güvənməliyik. Hər an hər şeyə, forsmajor hallara hazır olmalıyıq. Çünki son illər dünyada baş verənlər, müharibələr beynəlxalq hüquq və onun prinsiplərinin kağız parçası olduğunu ortaya qoydu. Kim güclüdürsə, istədiyini edə bilər, beynəlxalq məhkəmənin həbs qərarı orderindən yayına bilər və s. Nə BMT nizanaməsi, nə 1975-ci ildə Helsinkidə qəbul olunan prinsiplər hansısa dövləti qorumaq gücündədir. 1994-cü ildə Budapeştdə nüvə silahından imtina müqabilində bir neçə aparıcı dünya dövləti Ukraynanın təhlükəsizliyinin qarantı olaraq sənədə imza atdılar. Ancaq 20 ildən sonra qarantor ölkələrdən biri olan Rusiya Ukraynanın ərazilərini işğal edir, bunun qarşısını alan yoxdur. Digər bir misal, NATO üzvü olan Polşa potensial Rusiya təhdidindən qorunmaq üçün hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb. Cənubi Koreyadan ən müasir tanklar alır. Halbuki, Polşa bir NATO ölkəsidir, amma Alyansın bu ölkəni qoruya biləcəyinə ehtiyatla yanaşır. Bax budur gerçək mənzərə. Ona görə də bir vaxtlar ədalətsizliyə, işğala məruz qalan Azərbaycan daim ordunun döyüş qabiliyyətini artırmalıdır. Hərbi texnika və silah arsenalını yeniləməlidir. Necə ki, dövlətimiz bunu edir. Rusiya-Ukrayna müharibəsi öyrənilməli və tətbiq olunan yeniliklər hər zaman təhlil olunmalıdır. Çünki görünməmiş dərəcədə PUA-ların, radioelektron mübarizə vasitələrin yeniləndiyini, döyüş əməliyyatları taktikalarının dəyişdiyini görürük. Proseslər elə sürətlə inkişaf edir ki, ən yaxın perspektivdə belə, nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də hər an potensial təhdidləri önləməyə hazır olmalıyıq. Bu da bilavasitə güclü ordu ilə bağlı olan məsələdir. Bu isə o deməkdir ki, döyüş təcrübəsi olan ordumuzu daha da gücləndirməliyik. Yerləşdiyimiz coğrafi məkan bunu bizdən tələb edir”.

Vidadi ORDAHALLI

Избранный
15
baki-xeber.com

1Источники