RU

Gizir Fərid Alimov iranlı sərhəd pozucularının gülləsindən şəhid oldu...


Məhbubə Alimova: “Müharibə bitən gecə saat 4-də bizə zəng edib “gözünüz aydın olsun, müharibə bitdi, amma mənə şəhidlik qismət olmadı...” dedi

Güllə dəydi sərindən,

Yer titrədi nərindən.

Mən gözünü aç dedim.

Niyə yumdun dərindən?

Alimovlar ailəsinin göz bəbəyi idi Fərid. Günlərin birində Fəridin şəhid olması xəbəri gəldi və sanki ailənin gözünün nuru söndü. Şəhid Fərid Elçin oğlu Alimovdan danışırıq - şəhid qardaşlarının səfində yer alan qubalı balasından.

Keçən ay Qubada yaradıcılıq ezamiyyətində olanda bir çox şəhid ailələri ilə görüşsəm də, Fərid Alimovun ailəsi ilə görüşə bilməmişdim. Digər şəhidlərimiz baradə silsilə yazılarımızın dərc edildiyi günlərdə şəhidin anası Məhbubə ana bizimlə əlaqə saxlayıb oğlu haqda da yazmağımızı istədi.

Fərid Alimov şəhid olanda ailəli olub və İlahə adlı qız övladı yadigar qalıb.

Fərid Elçin oğlu Alimov 11 oktyabr 1993-cü ildə Quba rayonunun Güləzi kəndində anadan olub. 2000-2011-ci illərdə Güləzi kənd tam orta məktəbində təhsil alıb.

“Fərid hələ orta məktəbdə oxuyarkən hərbiçi olmaq istəyirdi, arzusu Naxçıvanski adına Hərbi Məktəbə daxil olmaq idi. Hətta məktəbdən məktub da gəlmişdi, orda oxumağı çox istəyirdi, amma atası icazə vermədi. Atası qoruxurdu ki, birdən başına nəsə gələr. Məktəbdə yaxşı oxuyurdu. Pulluya düşdüyü üçün onu oxutmağa maddi imkanımız olmadı. Fəridi oxuda bilmədik. 9-cu sinifdə oxuyanda ailəyə çox kömək edirdi. Gedib işləyib evə pul gətirirdi. Sonra əsgərliyə getdi. Gəncəyə düşmüşü. Əsgərlikdən tərifnamələrlə gəldi... Əsgərlikdə olduğu müddətdə evə demədən Yaşmaya gəlmişdi, hərbi təlimlərdən də tərifnamələr almışdı”. Həm tərbiyəsinə, həm də davranışlarına görə hər yerdə özünə ad-san qazanmışdı”. Bunları Məhbubə ana deyir.

Fərid Alimov 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 1 aprel 2013-cü ildə isə xidməti bitirib. Uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. 15 iyul 2015-ci ildən "Göytəpə" sərhəd dəstəsində işləməyə başlayıb.

Mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb. Sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. 16 may 2021-ci ildə şəhidin nəşi doğulduğu Güləzi kəndinə gətirilib və kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri və hərbçilər iştirak edib.

“Fərid Vətən müharibəsindən bir neçə ay sonra xidməti vəzifəsini yerinə yetirərkən İranla sərhəddə atışma zamanı şəhidlik zirvəsinə ucaldı”

Ana bildirir ki, müharibə başlayanda oğlu 7 il idi hərbidə xidmət edirdi: “Fərid ailə qurdu və bir qız övladı var. Həyat yoldaşı da, balası da bizimlə bir yerdə qalıb. Şəhid oğlumun qızı İlahə 1 il 5 aydır ki, qan xərcəngindən əziyyət çəkir, müalicə alır. Vətən müharibəsi başlayanda Fərid müharibəyə getdi, düşmənə qarşı qəhrəmancasına döyüşdü. Müharibəyə gedəndə də bizə deməmişdi, onun cəbhədə olduğunu bilmirdik. Sonra bildik ki, müharibədədir. Müharibədən sağ-salamaq qayıdıb xidməti vəzifəsini davam etdirdi. Oğlum vəzifə borcunu yerinə yetirərkən İran sərhəd pozucuları tərəfindən şəhid edilib.

Fərid çox ailəcanlı idi, qohumcanlı idi. Müharibə bitən gecə saat 4-də bizə zəng edib “gözünüz aydın olsun, müharibə bitdi, amma mənə şəhidlik qismət olmadı” dedi. Fərid Vətən müharibəsindən bir neçə ay sonra Göytəpə sərhəd dəstəsinin Yardımlı rayon Gendərə kəndi kəndində yerləşən sərhəd zastavasında xidməti vəzifəsini yerinə yetirərkən İranla sərhəddə atışma zamanı şəhidlik zirvəsinə ucaldı”.

Məhbubə ana deyir ki, Fəridin telefonunda ondan yadigar yalnız bir kadr qalıb və o kadra baxıb oğlunu xatırlayır: “Onun səsli təkcə bir videosu qalıb, o da balasını oynadan yerdə…Qalanını telefondan silib bizə veriblər”.

Bu gün şəhid Fəriddən İlahə adlı göz nuru yadigar qalıb. İlahə balamız xəstəliyin pəncəsindədir. İnanırıq ki, göydə Allahın köməyi və yerdə həkimlərimizin səyi ilə şəhid qızı sağlamlığına qovuşacaq, atasının adına layiq bir övlad kimi böyüyəcək. O ataların balaları bizlərə əmanətdir. Özlərindən sonra biz o balalara göz-qulaq olmalıyıq, nazlarını çəkməliyik. Azərbaycan cəmiyyəti şəhidinə çox bağlıdır və şəhidinə dəyər verir, ruhunu əziz tutur.

Qəhrəmanlar bir gün şəhid olsalar da, torpaq, bayraq yaşadır onları. Fəridi də xalq yaşadacaq, dövlət və bayraq yaşadacaq.

Adın gəzir hər eldə,

Bir nəğməsən hər dildə

Yerin var hər könüldə

Əziz Fərid şəhidim.

Bayraqdan keçmədin heç, torpaqdan keçmədin heç, Fərid, canından keçdin, qəhrəman şəhid...

İradə SARIYEVA

Избранный
12
baki-xeber.com

1Источники