Laçın rayonunda IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilir.
Kult.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla yanaşı, ölkənin ədəbi-ictimai xadimləri, incəsənət nümayəndələri və Laçın rayon sakinləri iştirak ediblər.
Müsabiqənin final mərhələsinə ümumilikdə 12 iştirakçı vəsiqə qazanıb.
Bu iştirakçılar yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər arasından 11 mərhələ keçərək finalda iştirak hüququ qazanıblar.
IX “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətində xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilir.