RU

"Putin və Trampın "sülh oyunu": diplomatiya iflasa doğru" - "The New York Post"

 
"Kremlin ultimatumu, Trampın narazılığı və Avropanın təşvişi..."
 
Alyaskada keçirilən Tramp-Putin sammitindən sonra Ukraynada müharibənin bitəcəyi ilə bağlı yaranan ümidlər çox tez dağılmağa başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Nyu-York Post" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, Kreml diplomatiya dilini kənara qoyaraq, Vaşinqtona açıq ultimatumlar irəli sürür. Bu, həm ABŞ-ın, həm də Avropanın səbir kasasını daşırır.
 
Rusiya XİN rəhbəri Sergey Lavrov "NBC Meet the Press" nəşrinə açıqlamasında bildirib ki, Putinlə Zelenski arasında heç bir görüş planlaşdırılmayıb. Kreml belə bir görüşə yalnız öz "gündəliyinə" uyğun şərtlərlə razı ola bilər. Bu şərtlər arasında Ukraynanın NATO üzvlüyündən imtinası, dil qanunlarının ləğvi və "ərazi məsələləri" üzrə öncədən razılıq yer alır. Bundan başqa, Lavrov Zelenskini "qanuni lider deyil" adlandıraraq, danışıqları faktiki imkansız edib.
 
Halbuki Alyaskada, ABŞ vitse-prezidenti Cey Di Vensin dediyinə görə, Putin "Kiyevdə oyuncaq rejim qurmağın mümkünsüzlüyünü" etiraf edib və Ukraynanın ərazi bütövlüyünə müəyyən təminatlar verilməsinə razılıq ifadə edib. İndi isə Moskva tamamilə əks mövqeyə qayıdır.
 
Trampın narazılığı və Avropanın təlaşlı diplomatiyası
 
Donald Tramp Alyaska görüşündən sonra Kremlin bu davranışını açıq şəkildə qınayıb. O, "işğalçı ölkəyə zərbə vurmaq olmadan müharibə qazanmaq çox çətindir" deyərək, Ukraynaya Rusiyanın daxilinə hücum izni verilməsi ehtimalını gündəmə gətirib. Bununla yanaşı, Ağ Ev Rusiyaya qarşı sərt ikinci dərəcəli sanksiyaları da masa üzərində saxlayır.
 
Avropada isə vəziyyət daha da gərginləşib. "The Washington Post"-un yazdığına görə, ötən həftə Zelenski ABŞ prezidenti ilə görüşmək üçün Vaşinqtona yeddi Avropa lideri ilə birlikdə gəlib. Məqsəd Trampın Moskva qarşısında yumşaq mövqeyini sərtləşdirmək idi. Avropa siyasətçiləri Trampın "tərifə həssaslığından" istifadə etməyə çalışsalar da, nəticə dəyişməyib. Zelenski beş dəqiqəlik çıxışında on dəfədən çox təşəkkür etməklə diplomatik qalmaqaldan yayınmağa çalışıb.
 
Lakin Kreml öz xəttindən dönmür: Donbasın böyük bir hissəsinin Ukraynadan qoparılması əsas tələb olaraq qalır. ABŞ-ın keçmiş səfirləri və ekspertlər bunun "zor gücü ilə torpaq almaq istəyən bütün təcavüzkarları cəsarətləndirəcəyini" xəbərdar edirlər.
 
"Karusel diplomatiyası" və dalana dirənmiş sülh
 
Ekspertlərin fikrincə, Tramp diplomatiyada tez nəticə axtarmaqla klassik prosesləri görməzdən gəlir. Nəticədə ortaya çıxan mənzərə "kəskin dönüşlər edən karuseli" xatırladır: bir gün Moskva ilə razılaşmalar, ertəsi gün isə sərt bəyanatlar yer alır.
 
Avropalı liderlər Vaşinqton görüşündə Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri istəyib. Tramp isə bu zəmanətləri dəstəklədiyini desə də, konkret öhdəliklərdən yayınır.
 
Beləliklə, Alyaska sammitindən doğan nikbinlik sürətlə yoxa çıxır. Moskva danışıqları pozur, Vaşinqton cavab addımlarını hazırlayır, Avropa isə yaranmış diplomatik boşluğu doldurmağa çalışır. Sülh masası isə hər ötən gün bir az da uzaqlaşır.
Избранный
19
moderator.az

1Источники