RU

Çin istehsalı avtomobillərdə keyfiyyət problemi: əsas səbəblər və həll yolları - RƏY

Son günlər sosial şəbəkələrdə Çin istehsalı olan avtomobillərin nasaz vəziyyətdə Bakıya gətirilməsi ilə bağlı məlumatlar geniş müzakirə olunur. İstifadəçilər bildirirlər ki, bəzi hallarda tam yeni, sıfır kilometr avtomobillərdə belə texniki qüsurlar aşkarlanıb. Bu isə alıcılar arasında narahatlıq yaradaraq, Çin avtomobillərinin keyfiyyəti ilə bağlı suallar doğurub.

Bəs, Çin istehsalı avtomobillərin texniki nasazlıqlarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, belə hallarla mətbuatda və sosial şəbəkələrdə rastlaşıb:

"Avtomobillərlə bağlı müəyyən şikayətlər də daxil olur. Bu şikayətlər əsasən rəsmi idxalçılardan deyil, fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərlə bağlıdır. Söhbət əsasən Çinin daxili bazarı üçün nəzərdə tutulan modellərdən gedir. Son 2-3 ildə bu cür avtomobillərlə bağlı şikayətlər demək olar ki, səngimir. Müştərilərin aldadılması, yuxarı komplektasiyaya uyğun ödəniş edilsə də, sadə versiyanın gətirilməsi, cızıq və ya nasaz vəziyyətdə olan avtomobillərin təqdim olunması bu hallara nümunədir".

Onun sözlərinə görə, fərdi şəxslər tərəfindən gətirilən avtomobillərdə belə problemlər olub və olacaq:

"Ona görə də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq biz daim ictimaiyyətə çağırış edirik ki, avtomobili rəsmi dilerlərdən alsınlar. Çünki bu halda, sabah hər hansı problem yaranarsa, müraciət edə biləcəyiniz məsul bir qurum olur. Təbii ki, bu fikirlər bütün hallara aid deyil, lakin Çindən avtomobil gətirən fərdi şəxslərin əksəriyyəti təəssüf ki, insanları aldadır, keyfiyyətsiz avtomobillər gətirirlər. Bu çox təəssüf doğuran haldır. Ən böyük problemlərdən biri də odur ki, avtomobil keyfiyyətli olsa belə, zəmanət verilmir. Halbuki dünya praktikasında avtomobillərin geri çağırılması təcrübəsi var. Rəsmi dilerlər vasitəsilə alınan avtomobillərdə istehsalçı tərəfindən ya təmir, ya da əvəzləmə təmin olunur. Ancaq qeyri-rəsmi yollarla alınan avtomobillərdə bu imkanlardan yararlanmaq mümkün olmur".

 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə Trend-ə qeyd edib ki, avtomobilin harada istehsal olunmasından əvvəl hansı ölkə üçün istehsal olunması vacibdir:

"Burada söhbət avtomobilin hansı ölkə üçün istehsal olunmasından, hansı standartlara uyğun gəlməsindən, eləcə də təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verib-verməməsindən gedir. Azərbaycan qanunvericiliyinə əsasən, istənilən avtomobil ölkəyə idxal oluna bilməz. Bu sahədə müəyyən tələblər mövcuddur. Azərbaycanın avtomobil bazarı əsasən Avropa spesifikasiyasına uyğun qurulub və ölkəyə gətirilən avtomobillər də məhz bu standartlara cavab verməlidir".

O qeyd edib ki, Çindən 2 istiqamətdə avtomobillər ölkəmizə gətirilir:

"Birinci istiqamət rəsmi nümayəndəliyi olan şirkətlər tərəfindən ölkəyə gətirilən avtomobillərdir. Bu avtomobillər istehsalçı zəmanətinə malik olur və mövcud standartlara tam cavab verir. İkinci istiqamət isə fərdi şəxslərin Çindən fərdi qaydada gətirdikləri avtomobillərlə bağlıdır. Bu cür avtomobillərin nə istehsalçı zəmanəti, nə də rəsmi nümayəndəliyi olur. Bu, mütləq nəzərə alınmalıdır. Çünki istehsalçı zəmanəti olmayan avtomobillərdə texniki nasazlıqların və ya istehsal qüsurlarının olması mümkündür və bu, istisna deyil".

"Belə halların qarşısını almaq üçün alıcılara tövsiyə edirəm ki, avtomobil alarkən onun istehsalçı zəmanətinə xüsusi diqqət yetirsinlər. Avtomobilin mütləq zavod tərəfindən verilmiş rəsmi zəmanəti olmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda həmin avtomobillərə texniki xidmət göstərə biləcək rəsmi servis mərkəzləri fəaliyyət göstərməlidir. Çünki avtomobil sıfır kilometr olsa belə, istehsalçı zəmanəti yoxdursa və texniki qüsur aşkarlanarsa, bu problemi heç kim aradan qaldırmayacaq", - E. Cəfərov deyib.

Избранный
36
1
day.az

2Источники