RU

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 27%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 528 milyon ABŞ dolları və ya 26,7% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,68%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Çinə 53,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 milyon ABŞ dolları və ya 4,5 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 487 milyon ABŞ dolları və ya 1,2 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Избранный
15
2
day.az

3Источники