RU

Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya azərbaycanlı diaspor rəhbərlərinə qarşı sərt addımlar atır.

Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib. Mətbuatın yazdığına görə, buna səbəb Ərşad Xankişiyevin “etnoseparatizm təbliğatı və Aleksey Navalnıya dəstək” ittihamı olub. Kremlin tənqidçisi, tanınmış müxalifətçi Aleksey Navalnı 2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə koloniyasında vəfat edib. 

Bundan bir gün öncə isə Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov da həbs edilib. Təhlükəsizlik qüvvələri onu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir. İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, digər hissəsini,100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb. Yusif Xəlilov ona irəli sürülmüş ittihamla razılaşmayaraq ifadə verməkdən imtina edib. Diaspor lideri həbs olunub və onu rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs gözləyir. Y. Xəlilovun deportasiya edilməsi də ittiham aktına əlavə olunub. 

İndi isə məlum olub ki, Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin ittiham olunduğu maddə dəyişdirilib.

Rusiya mətbuatı xəbər verir ki, əvvəlcə o, Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (Sağlamlığa və həyata təhlükə yaratmayan zor tətbiqi) ilə ittiham olunurdusa, sonradan bu maddə 318.2-ci maddəyə (Həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiqi) dəyişdirilib. Bu dəyişiklik, xüsusi təyinatlı əməliyyatda iştirak edən bir əməkdaşın uzun müddətdir müalicə alması səbəbindən edilib. Nəticədə, Mütvəli Şıxlinski 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, onun həbsinə iyulun 1-də "Baku Plaza"nın yaxınlığında baş verən hadisə səbəb olub. Rusiya təhlükəsizlik qüvvələri oğlu ilə avtomobilində gedən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı onlara güc tətbiq edilib. Təhlükəsizlik qüvvələrinin nümayəndələri avtomobilin şüşələrini sındırmağa başlayanda Mütvəlinin sükanı arxasında olduğu avtomobil geriyə doğru hərəkət edib və xüsusi təyinatlını vurub.

Bütün bunlar Rusiyanın Azərbaycan diasporuna qarşı müharibəyə  başladığı qənaəti yaradıb. Miqrantlara qarşı siyasəti getdikcə sərtləşdirən rəsmi Moskva iki ölkə arasındakı gərgin münasibətləri nəzərə alaraq Azərbaycan diasporunu xüsusi olaraq hədəfə alıb? 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyada azərbaycanlılara qarşı son dövrlər artan təzyiqlərə münasibət bildirib. Deputatın sözlərinə görə, Rusiya Federasiyasında azərbaycanlılara və digər müsəlmanlara qarşı həyata keçirilən qeyri-hüquqi təzyiq və təqiblər artıq sistemli xarakter alıb:

“Bu, Rusiyadakı islamofob dünyagörüşünün və fərqliliklərə dözümsüzlüyün göstəricisidir. Amma Rusiya bir məqamı unudur ki, onun əhalisinin az qala üçdə biri türklər və müsəlmanlardan ibarətdir. Ona görə də bu cür hərəkətlər Rusiya dövlətinin özünü gözdən salır”. 

O qeyd edib ki, bir zamanlar Orta Asiyadan Rusiyaya gedən türk və müsəlmanlara qarşı bu cür diskriminasiya hərəkətlərinin şahidi olurduqsa, indi hədəfdə azərbaycanlılardır:

“Azərbaycanlıların hədəf olması da səbəbsiz deyil. Əvvəlcə kütləvi şəkildə azərbaycanlılara qarşı bir ayrı-seçkilik, diskriminasiya həyata keçirdilər, indi isə bu və ya digər şəkildə, müxtəlif bəhanələrlə diaspor rəhbərlərini hədəfə alırlar. Onların bəzilərinə qarşı siyasi, digərlərinə isə korrupsiya və rüşvət məzmunlu iddialar irəli sürülərək həbs edirlər.

Bu, nəticə etibarilə Rusiyanın həm də öz vətəndaşlarına qarşı hərəkətləri kimi qiymətləndirilməlidir. Çünki Rusiyada yaşayan diaspor rəhbərlərimizin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Bu isə bir daha göstərir ki, Rusiyada milli və dini mənsubiyyətinə görə vətəndaşlar fərqləndirilir. Bu yolverilməzdir”. 

Hikmət Babaoğlu vurğulayıb ki, bütün bu proseslərin kökündə isə Rusiya Federasiyasının Azərbaycanın yaratdığı reallığı və onun güclənməsini istəməməsi, həzm edə bilməməsi dayanır:

“Təyyarəmizin vurulması da daxil olmaqla, bütün bu hadisələr nəticə etibarilə elə bir həddə çata bilər ki, Rusiya-Azərbaycan münasibətlərini tamamilə korlanar. Bu isə Rusiyanın lehinə deyil. Çünki Rusiya istisnasız olaraq bütün qonşularına, şimalda Finlandiyadan tutmuş, cənubda Azərbaycana qədər müxtəlif formalarda təzyiq göstərir.

Eyni vəziyyəti Ukraynadan tutmuş Avropaya, hətta Yaponiyaya qədər müşahidə edirik. Rusiya ətrafında düşmənlər yaradır ki, bu da ağıllı siyasət deyil. Məncə, Rusiya nəhayət qəbul etməlidir ki, hər bir dövlətin öz milli maraqları var və Moskva həmin maraqlarla uzlaşmağı bacarmalıdır”. 

Respublikaçı Alternativ (REAL) Partiyasının sədr Natiq Cəfərli isə açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın təsir və təzyiq imkanlarının məhdud olduğunu yaxşı anlayır. Onun sözlərinə görə, Moskva iki sahədə təzyiq və təsir edə bilər:

“Rusiyanın təsir edə biləcəyi əsasən iki sahə var. Bunlardan biri diaspor təşkilatları, digəri isə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışının çətinləşdirilməsidir. Görünən odur ki, Rusiya bazarının vəziyyəti o qədər də yaxşı olmadığına görə Azərbaycan məhsullarının bazardan çəkilməsi orada bahalaşmaya səbəb ola bilər.

Ona görə də bu məhsullarla bağlı belə demək mümkündürsə, daha yumşaq davranırlar. Yəni tam qadağa tətbiq etmək əvəzinə müəyyən məhdudiyyətlərlə kifayətlənirlər. Amma diaspor təşkilatlarına təzyiq göstərməklə, onları sıradan çıxarmaqla Azərbaycana təzyiq və təsir etməyi düşünürlər. Yəni görünən odur.

Çox güman ki, bu addımların əsas məqsədi Azərbaycanın öz prinsipial mövqeyindən az da olsa, geri addım atmasına nail olmaqdır. Nəticə etibarilə belə demək mümkündürsə, Rusiya belə təzyiqlərlə Azərbaycanın danışıqlarda müəyyən güzəştlər etməyə çağırır”.

Əfsanə Rəcəb 

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
cebheinfo.az

2Источники