RU

Sərnişinlər bir az gözləməli olacaqlar

Bakıda tıxac probleminin həlli istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulur. Metropoliten isə həm yeni stansiyaların açılması, həm də mövcud sıxlığın azaldılması istiqamətində layihələrə start verib.

Yay fəslində Bakı şəhərində sıxlıq bir az azalsa da, nəqliyyatın hərəkəti, tıxaclar, ictimai nəqliyyatdan istifadə və infrastruktur problemləri aktuallığını saxlayır. İlin əvvəlində təsdiq olunan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” bu sahədə əsas yol xəritəsinə çevrilib. Bəs, maraqlıdır, ilin yarısının geridə qaldığı bir vaxtda, proqramın icrası ilə bağlı hansı işlər görülüb?

“Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulur”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Kaspi” qəzetinə verilən məlumata görə, hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 110 kilometrdən artıq avtobus zolağı təşkil edilib: “Nəticədə avtobusların bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı xeyli azalıb. Yeni zolaqların salınması istiqamətində iş aparılır. Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulur”.

“Davamlı mikromobillik zolağı təşkil edilir”

AYNA tərəfindən Bakı şəhərində davamlı mikromobillik zolağı da təşkil edilir. Bu proses qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir: “Mikromobillik zolaqlarının təşkili konseptual plan əsasında həyata keçirilir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları bir-biri ilə əlaqələndirilir. Son belə işlər Hüseyn Cavid prospektində görülüb və daha əvvəl təşkil edilən Mətbuat prospektindəki mikromobillik zolağı ilə birləşdirilib. Beləliklə, dairəvi hərəkət imkanı yaradılıb. Hazırda metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi həyata keçirilir. Həmçinin paytaxtın Nəcəfqulu Rəfiyev və İzzət Orucova küçələrində mikromobillik zolaqları salınıb. Bununla da Xocalı prospektindəki zolağın 8 Noyabr prospekti və Afiyəddin Cəlilov küçəsindəki zolaqlarla əlaqələndirilməsi həyata keçirilib”.

“Nişanlanma işləri aparılır, yol nişanları quraşdırılır”

Həmçinin görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılır, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılır, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunur: “Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır, işıqforlarda velosiped bölmələri yaradılır. Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir”.

Избранный
77
1
publika.az

6Источники