RU

Kəlbəcərə dönüş həm tarixi ədalətin, həm də siyasi uzaqgörənliyin parlaq təntənəsidir - RƏY

“Həqiqətən də, Kəlbəcər bölgəsinin mürəkkəb coğrafi relyefi onun hərbi yolla azad olunmasını son dərəcə çətinləşdirirdi. Bu ərazilərin geri alınması minlərlə itki bahasına başa gələ bilərdi. Azərbaycan Prezidentinin uğurlu döyüşlərə əsalanan möhtəşəm diplomatik gedişləri nəticəsində 2020-ci ildə əldə etdiyi tarixi Qələbə təkcə işğala son qoymadı, 3 rayonu, o cümlədən  Kəlbəcəri bir güllə atmadan, siyasi-diplomatik yolla geri qaytardı. Bu, dövlətimizin qətiyyətinin, xalqımızın birliyinin və beynəlxalq hüququn üstünlüyünün parlaq təzahürüdür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

 

“Danılmaz faktdır ki, Ermənistan işğal illərində Kəlbəcəri yalnız torpaq kimi deyil, həm də sərvət mənbəyi kimi istismar edib. Meşələr məhv edildi, çaylar çirkləndirildi, Zod qızıl yatağının qeyri-qanuni istismarı nəticəsində ölkəmizin milli sərvətləri talan edildi. Bu talan yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ekoloji təhlükəsizliyinə qarşı törədilmiş cinayət idi. Çox şükür ki, bu gün  vəziyyət tamamilə dəyişib. Bir neçə gün öncə Kəlbəcərə ilk köç karvanı yola düşdü. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva avqustun 21-də şəhərə səfər edərək sakinlərlə görüşdülər, mənzillərin açarlarını təqdim etdilər. Bu, dövlətin vətəndaş qarşısında məsuliyyətinin, Böyük Qayıdış proqramının ardıcıl icrasının və azad edilmiş ərazilərin yenidən Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına inteqrasiyasının bariz nümunəsidir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, Kəlbəcər və bütövlükdə Qarabağ artıq “yaşıl enerji zonası” elan edilib. Bu, dövlətimizin strateji baxışının göstəricisidir. Hidroelektrik, günəş və külək stansiyalarının tikintisi, ekoloji prinsiplərə əsaslanan şəhərsalma siyasəti həm ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də beynəlxalq öhdəliklərimizə iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq hədəflərinə cavab verəcək. Beləliklə, deyə bilərik ki, Kəlbəcərin geri qaytarılması hərbi-diplomatik qələbə ilə yanaşı, həm də siyasi, iqtisadi və ekoloji baxımdan Azərbaycanın gücünün, dövlət iradəsinin və gələcəyə yönəlmiş inkişaf modelinin təcəssümüdür. Ermənistanın işğal illərində törətdiyi dağıntılara qarşı Azərbaycan bu gün quruculuqla, talana qarşı bərpa ilə, ekoloji cinayətlərə qarşı isə yaşıl enerji və dayanıqlı inkişafla cavab verir. Kəlbəcərə dönüş həm tarixi ədalətin, həm də siyasi uzaqgörənliyin parlaq təntənəsidir”, - komitə sədri bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Avqust 2025, 12:50   
Избранный
9
pravda.az

1Источники