RU

Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycana qarşı təxribatçı-şovinist ittihamlarla çıxış edib. 

Şvıdkoy Qarabağda ermənilərə məxsus abidələri sökdüyünü iddia edərək Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlətməyə cəsarət edib. 

““Dağlıq Qarabağ”da erməni əsilli görkəmli şəxsiyyətlərin və hərbçilərin 25 abidəsinin və büstünün sökülməsi şərəfsiz hərəkətdir”,- deyə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi bildirib. 

“Abidələrə qarşı müharibə heç bir ölkə üçün şərəfli deyil. Onlar bu torpaqda yaşayan xalqların tarixini əks etdirir. Anlamaq çox vacibdir ki, Rusiya ilə Qafqaz xalqları arasında münasibətlər çoxəsrlik tarixə malikdir və bizi təkcə indi deyil, həm də keçmiş və gələcək birləşdirir. Siyasət indiki zamanda, mədəni əlaqələr isə əbədiyyətdə yaşayır və bunu başa düşmək lazımdır. Cənubi Qafqazda Rusiyanın Ermənistan, Azərbaycan və Gürcüstanla çoxəsrlik tarixi var və xalqlarımız arasında əlaqələr kəsilmir”,- Şvıdkoy qeyd edib.

Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin və qanunsuz deportasiya hallarının artdığı bir vaxtda Şvıdkoyun bu açıqlaması təbii ki, siyasi təxribat məqsədi daşıyır. Mixail Şvıdkoyun Azərbaycanın əleyhinə yönəlik işlətdiyi etikadankənar ifadələr onun erməni sevgisindən daha çox Rusiya elitasının başqa xalqlara qarşı imperiya iddiaları və nifrət siyasəti ilə bağlıdır. Görünür, bu gün postsovet ölkələrinə qarşı daha çox düşmənçilik münasibəti göstərmək yarışına Şvıdkoy da qoşulub. Onun Qarabağdakı “abidələr”i yada salması, yəni ermənidən betər erməni olmasının da mədəniyyətlə heç bir əlaqəsi yoxdur. İndiyə qədər nəinki Xankəndidə, Azərbaycanın hər hansı bölgəsində ermənilərə məxsus mədəni, dini abidələri, məzarları dağıdılması barədə bir dənə də olsun sübut tapılmayıb. Sadəcə olaraq, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında və dinc əhaliyə qarşı kütləvi qətliamlarda iştirak etmiş terrorçuların bəzilərinə ermənilər qanunsuz olaraq sonradan heykəl ucaltmışdı. 

Xatırladaq ki, işğal dövründə Şuşada azərbaycanlılara qarşı soyqırımda iştirak etmiş, Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın heykəli qoyulmuşdu. Şuşa şəhəri işğaldan azad edildikdən sonra heykəl də demontaj edildi. Yaxud işğal dövründə ermənilər faşist-terrorçubaşı Qaregin Njdeyə Xocavənddə abidə qoymuşdular. Azərbaycan bu heykəlin götürülməsini beynəlxalq səviyyədə qaldırmışdı. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qaregin Njdenin heykəli də söküldü. Şvıdkoy “erməni hərbçiləri, ictimai xadimləri” deyərkən məhz bu terrorçuları və səhra komandirlərini nəzərdə tutur. Heykəli ucaldılmış həmin terrorçular Rusiyanın dəstəyi ilə Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədiblər. Hazırda onların bir qismi Bakıda məhkəmə qarşısında bu cinayətlərini etiraf edir. Ona görə də Mixail Şvıdkoyun şərəfdən və ləyaqətdən danışmağa mənəvi haqqı çatmır. Əgər onun şərəfi varsa, 1993-cü ildə Azərbaycan əraziləri işğal olunanda Rusiya mədəniyyət nazirinin müavini kimi bir dəfə Qarabağda baş verən etnik və dini mənsubiyyətinə azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qətllərə, talanlara, abidələrin, məzarlıqların məhvinə etirazını bildirərdi. Mixail Şvıdkoy 1993-1997-ci illərdə Rusiyanın mədəniyyət nazirinin müavini, 2000-2004-cü illərdə isə mədəniyyət naziri işləyib.

Bu, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindəki məscidləri tövləyə çevirdiyi dövr idi. Amma nədənsə həmin vaxtlarda şərəf anlayışı Şvıdkoyun bir dəfə də olsun yadına düşmədi. Ermənilər yalnız məscidləri deyil, Qarabağdakı qədim alban kilsələrini də təhqir etdilər. Şuşada XIX əsrdə tikilmiş rus provaslav kilsəsini öz adlarına çıxdılar. İndi mədəniyyətdən, şərəf və ləyaqətdən dəm vuran Şvıdkoy bütün bunlara səssiz yanaşdı. Çünki Şvıdkoyun əsl niyyəti ara qatmaq, bölgədə yenidən münaqişəyə rəvac verməkdir. Azərbaycan və Ermənistan arasında avqustun 8-də sülh sazişinin paraflanmasından sonra 37 il davam edən münaqişəyə son qoyulması, kommunikasiyaların açılması üçün real imkan yaranıb. Bu isə Rusiyanı narahat edir. Kreml Şvıdkoy kimilərinin vasitəsilə guya Qarabağda erməni abidələrinin dağıdılması barədə saxta iddiaları ortaya atmaqla, Azərbaycan və Ermənistan arasında başlanmış sülh prosesini pozmağa, növbəti münaqişə ocağı yaratmağa çalışır. Ancaq “qatar” getdiyindən, Şvıdkoy kifayət qədər gecikmiş görünür. Arxa vaqona tullanan isə qatarın altına düşə bilər...

Müşfiq Abdulla

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
cebheinfo.az

2Источники