RU

İki nəfərin ölümünə səbəb olan “Prius”un sürücüsü yenidən məhkəmə qarşısında

Bakıda bir ailədən 2 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası təqsirləndirilən Mirzə Dadaşovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: Hadisə 2024-cü il iyulun 2-si gecə saat 22 radələrində Sumqayıt şəhərində baş verib.


Belə ki, 1985-ci il təvəllüdlü Mirzə Dadaşov onlayn proqram üzərindən Saray qəsəbəsindən müştəriləri götürüb. Qonaqlıqdan çıxan ailə üzvləri - 1969-cu il təvəllüdü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov və 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva avtomobillə Sumqayıta gedərkən sürücü “Toyota Prius” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. Nəticədə taksi əks tərəfdən gələn “Hyundai SantaFE” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində Xaləddin Məmmədov və gəlini Ləman Məmmədova aldıqları ağır xəsarətlərdən vəfat ediblər, daha 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sürücü qaranlıqda şam ağaclarının onun görmə şəraitini çətinləşdirdiyini və bu səbəbdən qəzanın baş verdiyini deyib. Mirzə Dadaşov “Hyundai SantaFe” markalı avtomobilin sürətinin çox olduğunu və qəzanın da bu səbəbdən baş verdiyini iddia edib. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə Mirzə Dadaşova 7 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Kamal Məmmədov 

Tarix: 22 Avqust 2025, 08:26   
Избранный
6
pravda.az

1Источники