Yeni mövsümdə Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək son ölkə çempionu “Araz-Naxçıvan” komandasının vitse-prezidenti Mahmud Sadıqovun AZƏRTAC-a müsahibəsi
- Yeni mövsümə hazırlığınız necə gedir?
- Ötən ayın 26-dan komanda, tam heyətlə olmasa da, məşqlərə start verib. Yeni mövsümə hazırlıqlarımızı davam etdiririk. Artıq bütün heyət bir yerdədir. Əhval-ruhiyyəmiz çox yaxşıdır. “Neftçi” ilə yoxlama oyunu keçirmişik. Bu gün onlarla yenidən qarşılaşacağıq. Harada boşluqlar varsa, onları hazırlıq matçlarında görüb, ortaya çıxarmaq istəyirik. Mübarizə aparacağımız bütün turnirlərdə iddialıyıq. Federasiya da kluba avrokuboklarda uğur qazanmaq üçün əlindən gələn köməyi edir.
- “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 27-də Şimali İrlandiyanın "Sparta Belfast", bir gün sonra Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" (Avstriya) kollektivi ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?
- Hazırda müşahidələrimizi aparırıq. Çempionlar Liqasına yüksək səviyyədə hazırlaşırıq. Bildiyiniz kimi, son illər bu turnirdə istədiyimiz nəticələri əldə edə bilmirik. Əslində, oyunları yaxşı keçiririk, lakin sonda nəsə problem yaşanır və məğlub oluruq. Məşqçilər korpusu keçmiş matçların videoyazısını izləyir. Komandaya inam böyükdür.
- Problem deyərkən nəyi nəzərdə tutursunuz?
- Düşünürəm ki, burada məşqçilər korpusunun müəyyən səhvləri olurdu. Taktika və oyunçu cəhətdən rəqiblərdən geri qalırdıq. Məsələn, ötən mövsüm İsveç təmsilçisi “Uddevalla” ilə keçirdiyimiz görüşün favoriti “Araz-Naxçıvan” sayılırdı. Lakin kiçik səhvlərə görə rəqib bizi məğlub etmişdi. Harada səhvə yol verdiyimizi yaxşı analiz edib, bu il həmin şeyləri təkrarlamaq istəmirik. Baş məşqçi Yevgeni Kukseviçin yanındayıq. Çempionlar Liqasında uğurlu nəticə qazanmaq üçün ona daim dəstək oluruq.
- Yeni transferlərin olacağı gözlənilir?
- Hazırda heyətimiz tam olaraq komplektləşib. Çempionlar Liqasına 14 oyunçu apara bilirik. Heyətdə 8 yerli və 7 legioner oyunçu var. U-19 komandasından gənc qapıçını ehtiyat qüvvə üçün Bakıda saxlayacağıq. Əgər qrup mərhələsindən pley-offa çıxsaq, daha bir transfer olacaq.
- Azərbaycan Futzal Liqasında hədəfləriniz nədir?
- Yenidən çempion olub, Azərbaycanı Avropada təmsil etmək istəyirik.
İdman.biz