ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İnklüziv təhsil və yaradıcılıq son illərdə Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Dövlətin bu sahəyə verdiyi önəm nəticəsində müxtəlif layihələr həyata keçirilir, uşaqların fərdi bacarıqlarının inkişafı üçün yeni imkanlar yaradılır.
İncəsənət, xüsusilə teatr isə bu prosesdə mühüm rol oynayır. Çünki teatr həm sosiallaşma, həm də özünüifadə baxımından əvəzsiz bir mühitdir.
Mövzunun aktuallığını nəzərə alaraq Bakıvaxtı.az inklüziv teatr sahəsində maraqlı layihələr həyata keçirən aktyor Fərid Bağırov ilə söhbətləşib. O, həm şəxsi təcrübəsindən danışdı, həm də inklüziv teatrın uşaqlar üçün hansı imkanlar yaratdığını bizimlə bölüşdü.
- İnklüziv aktyorluq dərslərinə başlamaq ideyası necə yarandı?
- Bu, əvvəlcədən planlaşdırılmış bir layihə deyildi, əksinə praktik ehtiyacdan doğdu. Bir neçə il öncə autizm spektr pozuntusu olan bir uşağın valideyni bizə müraciət etdi. Həkim məsləhəti ilə övladının aktyorluq dərslərinə qatılması istənildi. Biz də xüsusi təlim proqramı hazırlayaraq fərdi məşğələlərə başladıq. İlk nəticələr çox ümidverici oldu - uşaq ünsiyyət və diqqət bacarıqlarında inkişaf göstərməyə başladı. Daha sonra belə müraciətlərin artması bizi sistemli fəaliyyətə yönəltdi. Artıq fərdi dərslərlə yanaşı, qrup məşğələləri də təşkil edirik və uşaqların həm yaradıcılıq, həm də sosial bacarıqlarını inkişaf etdirməyə çalışırıq.

- Yəni bu proses praktik zərurətdən formalaşdı?
- Tamamilə. İlk mərhələdə sadəcə bir uşağın ehtiyacına cavab vermək üçün addım atmışdıq. Amma sonradan gördük ki, çox sayda uşaq oxşar dəstəyə ehtiyac duyur. Bizim üçün də bu, məsuliyyətli bir missiyaya çevrildi. Çünki inklüziv uşaqların yaradıcılığa cəlb olunması onların həyat keyfiyyətinə ciddi təsir edir – ünsiyyət bacarıqları güclənir, özlərinə inam artır, emosional ifadə daha rahat olur. Ona görə də bu işi davam etdirməyi qərara aldıq.
- Hazırda üzərində işlədiyiniz layihə varmı?
- Bəli, inklüziv uşaqlarla birlikdə hazırladığımız kiçik həcmli tamaşa üzərində son məşqləri aparırıq. Premyera bu ilin oktyabr ayında baş tutacaq. Tamaşanın mətnində Leyla Əliyevanın şeirlərindən istifadə olunub və bu əsərə xüsusi mənəvi dəyər qatır. Mənim üçün bu layihə sadəcə teatr işi deyil, həm də uşaqların özlərini cəmiyyətin aktiv üzvü kimi hiss etməsi baxımından çox önəmlidir.

- Sizin üçün “inklüziv teatr” anlayışı nə ifadə edir?
- Mənim üçün bu anlayış real məşqlər zamanı daha da aydın oldu. Uşaqların səhnədə ən kiçik uğur əldə etdiklərində gözlərində gördüyüm sevinc və həyəcan hissi mənim üçün bənzərsiz bir təcrübədir. İnklüziv teatr sadəcə tamaşa hazırlamaq deyil, uşaqların sosial bacarıqlarını, ünsiyyətini, emosional ifadəsini inkişaf etdirməkdir. Burada əsas məqsəd onların daxili potensialını üzə çıxarmaq və cəmiyyətlə daha rahat inteqrasiya etmələrinə kömək etməkdir.
- İştirakçılar arasında fitri istedadlara rast gəlirsinizmi?
- Bəli, çox maraqlı istedadlı tələbələrimiz var. Məsələn, Yusif Azərbaycan incəsənəti ilə bağlı möhtəşəm yaddaşa sahibdir - aktyorların doğum və vəfat tarixlərini belə dəqiq bilir. Tahir isə tarixi deyəndə, dərhal həmin günün həftənin hansı gününə düşdüyünü söyləyə bilir. Tərlan isə kompüter texnologiyaları sahəsində çox biliklidir. Bizim işimiz onların bu istedadlarını düzgün istiqamətləndirmək və yaradıcılıq prosesinə qatmaqdır. Bu yanaşma nəticəsində uşaqlar səhnədə özlərini daha inamlı hiss edirlər.
- Sizcə, incəsənət və teatr insanların sosial adaptasiyasında hansı rolu oynayır?
- Məncə, teatr insanın sosiallaşmasında unikal vasitədir. Tamaşa zamanı səhnədə baş verənləri canlı şəkildə hiss edirsən - aktyorların enerjisi, səsi, hətta nəfəsi tamaşaçıya keçir. Bu, insanın həm emosional dünyasına, həm də ünsiyyət bacarıqlarına təsir göstərir. Teatr insanı həm özünü ifadə etməyə, həm başqalarını anlamağa öyrədir. Canlı tamaşa insanda empatiya hissini gücləndirir, onu daha açıq və ünsiyyətcil edir. Hər tamaşa bir iz buraxır və düşüncə tərzini zənginləşdirir.
- Bu işdə ən çox hansı çətinliklərlə üzləşirsiniz?
- Əsas çətinlik bəzən iş yükünün çox olmasıdır. Çünki hər şeyi vaxtında çatdırmaq böyük məsuliyyət tələb edir. Amma düzgün planlama ilə bunun öhdəsindən gəlmək mümkündür. Mənim üçün əslində ən böyük çətinlik boş vaxtdır - iş olmadıqda özümü narahat hiss edirəm. Çünki yaradıcılıq və məşğuliyyət mənim həyatımın əsas hissəsidir.
- İnklüziv uşaqlarla işləyərkən müəllim üçün hansı məsuliyyətlər daha önəmlidir?
- Ən vacibi uşaqların daxili dünyasına həssaslıqla yanaşmaqdır. Hər birinin fərqli dünyagörüşü, fərqli yanaşma tərzi var. Müəllim onları yalnız öyrətməməli, həm də anlamağa çalışmalıdır. Çünki hər bir uşağın öz emosional həssaslığı var və bunu nəzərə almadan inklüziv təhsil mümkün deyil.

- Dərslərdə bədən dili, improvizasiya və emosional ifadə necə öyrədilir?
- Bədən dili üzrə dərs vermək mənim ixtisasım deyil, bu sahədə ustad müəllimlərin rolu böyükdür. Amma improvizasiya və emosional ifadə məsələsində Stanislavski sistemindən istifadə edirik. Tələbələr səhnədə hansı addımı atmalı, hansı emosiyanı necə ifadə etməli olduqlarını öyrənirlər. Əsas məqsəd onların komplekslərini aradan qaldırmaq, özlərini sərbəst və inamlı şəkildə ifadə etmələrini təmin etməkdir.
- Gələcək üçün inklüziv teatrla bağlı hansı planlarınız var?
- Biz istəyirik ki, bu fəaliyyət davamlı olsun və daha da genişlənsin. Uşaqların hazırladığı tamaşaların sayını artırmaq, onları daha böyük auditoriyalara təqdim etmək niyyətindəyik. Dövlətin inklüziv yaradıcılığa verdiyi dəstək bizə böyük stimul verir. Biz də çalışırıq ki, bu istiqamətdə həm uşaqların yaradıcılıq potensialını üzə çıxaraq, həm də onların sosial həyata tam inteqrasiyasına töhfə verək.

Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.