ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev dünən keçirdiyi mətbuat konfransında beynəlxalq ekspertlərin hesablamalarına əsaslanaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) səmərəliyini artırmaq üçün “dar boğazlar”ın aradan qaldırılmasına 18 milyard dollar tələb olunduğunu bildirib.
Nazir Qazaxıstanın öz ərazisində bununla bağlı bütün məsələlərin həll edilməsinə başlandığını vurğulayıb. O, eyni zamanda, əsas və yardımçı yolların modernləşdirilməsi və tikintisininin ilin sonuna qədər başa çatdırılmasını diqqətə çatdırıb. N.Sauranbayev daha sonra bütün bu layihələrin icrasından sonra məsafənin əhəmiyyətli dərəcədə azalacağını da xatırladıb.
Qeyd edək ki, Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizi ilə keçən il yük daşımalarının həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılıb ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək. 2027-ci ilə qədər isə marşrutun buraxılış qabiliyyətinin ildə 10 milyon tona çatacağı gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.