RU

Bu gün Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür

Hər il 21 avqust tarixi dünyada Beynəlxalq Terror Qurbanlarını Anma Günü kimi qeyd olunur. Bu günün təsis olunması 2017-ci ildə BMT tərəfindən qərara alınıb və məqsədi terrorizmin qurbanı olmuş insanların xatirəsini anmaq, onların ailələrinə dəstək göstərmək, həmçinin terrora qarşı beynəlxalq həmrəyliyi gücləndirməkdir.

Missiya.Az xatırladır ki, terrorizm müasir dövrün ən təhlükəli qlobal təhdidlərindən biri kimi, siyasi, dini və ya ideoloji məqsədlərlə həyata keçirilən zorakılıq aktları ilə insanların həyatına və cəmiyyətlərin sabitliyinə zərbə vurur. Beynəlxalq aləmdə bu günün təsis olunması isə qurbanların unudulmaması və gələcək nəsillərin bu faciələrdən dərs çıxarması üçün mühüm bir addımdır.

Bu vəhşi qətliamlar qlobal miqyasda müxtəlif dövrlərdə bəşəriyyətin ən ağır faciələrinə səbəb olmuşdur. ABŞ-də 11 sentyabr 2001-ci ildə baş verən hücumlar nəticəsində minlərlə insan həlak oldu və bu hadisə terrorizmin dünya təhlükəsizliyinə nə qədər ciddi təhdid olduğunu bütün dünyaya göstərdi. 2004-cü ildə İspaniyanın Madrid şəhərində törədilən dəmir yolu terror aktında yüzlərlə insan həyatını itirdi, minlərlə insan yaralandı. 2015-ci ildə Parisdə həyata keçirilən hücumlar Avropa qitəsində dərin bir travma yaratdı. Bundan başqa, Londonda 2005-ci ildə metro və avtobuslarda, Rusiyanın Beslan şəhərində 2004-cü ildə məktəbdə törədilmiş qanlı terror aktları da yaddaşlara həkk olunmuş faciələrdəndir. Bu hadisələr göstərir ki, terrorizm sərhəd tanımır, onun hədəfi isə sadə vətəndaşların həyatıdır.

Azərbaycan da terrorun acı izlərini öz taleyində daşıyan ölkələrdən biridir. Onlardan ən faciəlilərindən biri 1994-cü ildə Bakı Metropolitenində törədilən partlayışlardır. 19 mart və 3 iyul tarixlərində baş verən iki ayrı hadisə nəticəsində onlarla insan həyatını itirdi, çox sayda sərnişin yaralandı. İlk partlayış “20 Yanvar” metrostansiyasında qatarın içərisində törədilmişdi və 14 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnmişdi. İkinci partlayış isə iyul ayında “Gənclik” stansiyası istiqamətində hərəkətdə olan qatarda gerçəkləşmişdi.

Daha sonrakı illərdə də Azərbaycanda fərqli motivlərlə törədilmiş hücumlar baş verib. 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında silahlı şəxs tərəfindən açılan atəş nəticəsində 12 nəfər həlak oldu, 13 nəfər yaralandı. Bu hadisə də beynəlxalq səviyyədə terror hücumu kimi qiymətləndirildi və ölkədə geniş rezonans yaratdı.

Bu gün, Beynəlxalq Terror Qurbanlarını Anma Günü, bizə bir daha xatırladır ki, terrorizmlə mübarizə yalnız hərbi və hüquqi tədbirlərdən ibarət deyil, həm də yaddaşın qorunması, qurbanların xatirəsinin yaşadılması və gələcək nəsillərə sülh mədəniyyətinin aşılanması ilə bağlıdır. Qurbanların xatirəsi daim yad edilməli, bu kimi hadisələrdən nəticə çıxarılmalı və dünyada sülhün möhkəmlənməsi üçün hər kəs öz payına düşən rolu oynamalıdır.

İlahə QənbərliMissiya.Az

Избранный
14
1
missiya.az

2Источники