Bu sözləri Aktual.az-a açıqlamasında politoloq Fərhad Məmmədov danışıqlar prosesini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə bir neçə amil danışıqların çətinləşməsinə səbəb olur:
"Danışıqlar baxımından Rusiya müharibənin nəticələrini daha çox legitimləşdirmək niyyətindədir. Ukrayna rəhbərliyi isə sadəcə atəşkəsə razıdır. Çünki hüquqi baxımdan ərazidən imtina etmək olduqca çətin prosesdir və yalnız legitim hakimiyyətin qərarı ilə mümkün ola bilər”.
Politoloq qeyd edib ki, kompromislərin əldə olunması halında müəyyən irəliləyiş baş verə bilər:
"Əgər danışıqların müəyyən mərhələlərində Rusiya və Ukrayna arasında qarşılıqlı kompromislər əldə olunarsa, iki ölkə arasında atəşkəsə, Rusiya ilə Qərb dövlətləri arasında isə daha geniş anlaşmaya nail olmaq mümkündür. Lakin hazırda Rusiya və Ukraynanın tutduğu mövqelər hətta sadə atəşkəsin belə reallaşmasına imkan vermir”.