Braziliyanın sabiq prezidenti fevralda Mileiyə məktub göndərib, indi isə çevriliş ittihamı ilə məhkəmə qarşısına çıxır...
Poliqon xəbər verir ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru 4 avqustdan ev dustaqlığında olsa da, bundan əvvəl Argentina prezidenti Xavyer Mileiyə siyasi sığınacaq üçün müraciət edibi. Reuters-in Braziliya polisinin rəsmi açıqlamasına istinadən yaydığı məlumata görə, Bolsonarunun fevral 2024-də yazdığı həmin məktub onun telefonunda aşkarlanıb.
Argentinanın prezident administrasiyası və Bolsonarunun nümayəndələri məsələ ilə bağlı operativ şərh verməyiblər. Polis məlumatı artıq yekun hesabatın tərkib hissəsinə daxil edilib. Həmin sənəddə Bolsonaru və onun oğlu Eduardu davam edən məhkəmə prosesinə müdaxilə cəhdində rəsmi şəkildə ittiham olunur. Onlar sabiq prezidentin 2022-ci il seçkilərinin nəticələrini ləğv etmək üçün dövlət çevrilişi planlaşdırmaqda suçlanırlar. Məhkəmə prosesinin sentyabrda başlanacağı gözlənilir.
Bolsonarunun tərəfdarları arasında ABŞ prezidenti Donald Tramp da var. O, məhkəmə işini “cadugər ovuna” bənzədib və “dərhal dayandırılmasına” çağırıb. Eyni zamanda Tramp Braziliya məhsullarına 50 faizlik rüsum tətbiq edərək, bunu məhz Bolsonaruya qarşı açılmış işlə əsaslandırıb. ABŞ Dövlət Departamenti isə Braziliya Ali Məhkəməsinin qərarını pisləyib və Vaşinqtonun “represiv addımlara dəstək verən hər kəsi məsuliyyətə cəlb edəcəyini” bəyan edib.
Poliqon.info