RU

Burada bir Azərbaycan komandasının imzası var

Adamın inanmağı gəlmir ki, bu uğurlu nəticələrin altında bir Azərbaycan komandasının imzası var.

Futbolu hələ də can üstə olan Azərbaycanın.

Amma o uğurlu nəticə, az sonra qeyd edəcəyim parlaq statistika bir az gözləsin.

Çünki xüsusi vurğulamaq istədiyim bir məqam var. Dünən "Zirə" - "Araz Naxçıvan" matçını heç 10 dəqiqə seyr edə bilmədim. Etmək istəmədim. Futbol yazarı üçün nöqsandır, əlbəttə. Amma düşünəndə ki, düz 10 ay Azərbaycan Premyer Liqasının oyunlarını izləyəcəksən, ən sonda da həmin "Zirə", "Araz Naxçıvan", "Sabah" Avropaya vəsiqə qazanıb orada heç 2 mərhələ adlaya bilməyəcək...

Bu, futboldur ki? Düzəlmir. Düzəldə bilmirlər. Ara yerdə ömür gedir. Azarkeşə isə yalnız məyusluq, ağır nəticələri ürək ağrısı ilə izləmək qalır. Elə isə onda niyə qınayırıq onları ki, sən milli çempionatın oyunlarına niyə gəlmirsən?..

Ümid qalıb bir tək "Qarabağ"a. Üzümüzü ağardan ancaq onlardır. Bəs o birilər? Onlar bu ölkənin deyil?

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhəkəsində qalib gəldiyini görən bir xarici yəqin elə düşünür ki, bizdə futbol var. Var ki?

Doğru klub idarəetməsi olub. Bu komandanı komanda edən Qurban Qurbanov olub. Onun qurduğu ibrətamiz sistem olub. Və görün, Qurban Qurbanovun bu sistemi sayəsində "Qarabağ" dünyanın ən nüfuzlu klub yarışı sayılan UEFA-nın Çempionlar Liqasında nələr edib?

…Bu mövsüm 5 oyunun 5-də də qələbə qazanıb. Təsnifat mərhələlərinin 48 iştirakçısı arasında. Yüzfaizli nəticə! UEFA-nın TOP-5-də liderdir.

… Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Bu göstəricidə də UEFA-nın TOP-5-liyində liderdir.

… “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da birincidir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. UEFA-nın TOP-5-liyində lider mövqedə yenə "Qarabağ"ı görürük.

… Ən az qol buraxan komandalardan (5 oyuna 2 qol) biridir.

… Dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.

… “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina isə futbolçuların sırasında fərqlənir. 32 yaşlı kolumbiyalı topu ən çox ələ keçirməyə görə (12 dəfə) siyahının başında qərarlaşıb. O, həmçinin “podkat”la top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur.

Və bunu edən bir Azərbaycan klubudur.

Qurban Qurbanovdur.

"Qarabağ"dır...

... Futbolu olmayan ölkədə futbol adını üzərində daşıya biləcək yeganə komanda.

Heç olmasa indi bir quruca sağ ola haqqı çatan komanda (qol.az).

Aydın Bağırov

UEFA-dakı

Избранный
17
sportinfo.az

1Источники