RU

Rusiyaya gedən azərbaycanlıların başına aeroportda açılan oyunları təsəvvür etməzsiniz...


Faiq Ələkbərli: “Bu baş verənlər Rusiyanın bizə qarşı təzyiq siyasətinin və qeyri-dost münasibətinin təzahürüdür”

Rəsmi Moskva azərbaycanlılara qarşı neqativ münasibət sərgiləməkdə davam edir, hətta ortaya repressiv yanaşma qoymaqdan belə çəkinmir. Bu ölkədə antiazərbaycan, antiazərbaycanlı ruhu o qədər genişlənib ki, soydaşlarımız hər addım başı bu xoşagəlməzliyi, düşmən münasibəti açıq-aydın şəkildə görür, hiss edir.

Rusiyada azərbaycanlılara qarşı müxtəlif formalarda təzyiqlər göstərilir. Hava limanlarında, bazarlarda, ticarət mərkəzlərində, hətta küçədə belə azərbaycanlılar bu təzyiqi, bu mənfi münasibəti hiss edir.

Rusiyaya gedən azərbaycanlılar aeroportlarda incidilir. Bu barədə bu yaxınlarda Bakıdan Moskvaya getmiş bir həmvətənimiz “Bakı-Xəbər”ə məlumat verib. Əvvəllər dəfələrlə Moskvaya getdiyini deyən müsahibimiz bildirib ki, indiyə kimi heç vaxt bu cür ciddi yoxlamalarla, təzyiqlərlə qarşılaşmayıb.

Onun sözlərinə görə, insanların pasportlarında hansı ölkələrdə olduqlarına dair vizalara ciddi nəzər yetirilir və başqa ölkələrdə olanlar ciddi sorğu-sual edilirlər. İnsanların mobil telefonları əllərindən alınaraq yoxlanılır, telefondakı ailə fotalarına və hətta Youtubda və saytlarda hansı xəbərləri izlədiklərinə belə baxılır. Kiminsə telefonunda 44 günlük Vətən müharibəsində iştirak etdiyinə dair hər hansı məlumat və ya foto aşkar edildikdə anlaşılmaz şəkildə sorğu-sual edilir. Xüsusilə bu adamlardan Rusiyaya nə üçün gəldikləri soruşulur.

Bundan başqa, telefonla Youtubda Rusiya-Ukrayna müharibəsinə dair hansı videolara baxıldığına da xüsusi olaraq nəzər yetirilir. Əgər Ukraynanın uğurlarına dair hər hansı bir videonu izlədiyi aşkarlandısa, həmin şəxs(lər)ə qarşı həddən artıq pis davranılır. Şahidin sözlərinə görə, azərbaycanlılardan bir nəfərin telefonunda Ukrayna əsgərlərinin hücum görüntülərinə dair bir video aşkarlanıb. Dərhal həmin şəxsi aeroportdan çıxararaq naməlum istiqamətə aparıblar.

Budur, Rusiyanın soydaşlarımıza qarşı başlatdığı repressiya dalğasının əlamətləri.

“Bu repressiya siyasətinin əsas mahiyyəti...”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Çar və Sovet Rusiyasının davamçısı olan Rusiya Federasiyası daim imperiya xislətini ortaya qoyub və biz iki əsrdən artıq bir müddətdə rus işğalı ilə üz-üzə qaldıq. Bu gün Azərbaycanın müstəqil dövlət kimi regionda və dünyada böyük nüfuza malik olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, ölkəmizin müstəqil siyasət yürütməsi və bölgənin lider dövlətinə çevrilməsi, Türk Dövlətləri Təşkilatı ilə Türkiyə ilə birgə söz sahibi olması Rusiyanı ciddi narahat edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın daha da güclənməsinin daha çox Rusiyanı və İranı narahat etdiyini deyən F.Ələkbərli qeyd etdi ki, biz Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişi imzalasaq da, Rusiya öz öhdəliyinə əməl etmir, xüsusən də sülhməramlıların ərazilərimizdən çıxarılmasından sonra Azərbaycana müxtəlif formalarda təzyiq göstərməkdə davam edir. “Bu baş verənlər Rusiyanın bizə qarşı təzyiq siyasətinin və qeyri-dost münasibətinin təzahürüdür. Rusiya çalışır ki, Azərbaycanı nəzarətinə alsın, bu isə mümkünsüzdür, buna görə də soydaşlarımıza, vətəndaşlarımıza qarşı bu cür qanunsuz hərəkətlər sərgiləyir. Azərbaycanlıların Rusiya hava limanlarında təyyarədən enər-enməz sorğu-suala çəkilməsi, onlara qarşı təftişçi yanaşma, repressiv davranış təsadüfi deyil. Rusiya bununla insanlarımıza psixoloji təzyiq göstərmək istəyir. Fikir verirsinizsə, bu təzyiq siyasəti Vaşinqton görüşündən sonra daha da güclənib. Yəni Zəngəzur dəhlizində(Tramp yolu) ABŞ-ın iştirakının ortaya çıxması, habelə Vaşinqtonda imzalanan sənədlər, sülh sazişinin mətninin paraflanması, Azərbaycanın Ukraynaya bu və digər dəstək göstərməsi Rusiyanı qane etmir. Bütün bunları etməklə Azərbaycanı nəzarətinə almaq istəyir. Rusiyanın bu məqsədini Azərbaycan xalqı da, Azərbaycan dövləti də, Azərbaycan rəhbərliyi də çox yaxşı bilir. Azərbaycanlılara və Azərbaycana qarşı Rusiya əvvəllər niyə öz nifrətini açıq bildirmirdi? Çünki o vaxtlar torpaqlarımız işğal altında idi və Azərbaycan tamam başqa bir status daşıyırdı. Azərbaycan əvvəllər də Rusiyanın mahiyyətini bilirdi. Bu gün də bilir. Azərbaycan dövləti və xalqı olaraq Rusiyanın heç bir təzyiqinin qarşısından çəkilməməliyik, onun zülmünə boyun əyməməliyik. Rusiyanın bu hədə-qorxuları məni öz yolumuzdan çəkindirə bilməz və bunu vətəndaşlarımız da bilməlidir ki, onların arxasında güclü və müstəqil Azərbaycan dövləti var.

Azərbaycanın Rusiyanın Ukraynanı işğal etməsini dəstəkləməməsi və Ukraynanın ərazi bütövlüyünü tanıması, işğala, təcavüzə “yox” deməsi Rusiyanı qəzəbləndirir. Azərbaycan müstəqil dövlətdir və dünya ölkələri ilə ikitərəfli əməkdaşlıq edir, ABŞ-la, Avropa dövlətləri ilə münasibətlər qurub. Rusiyanın heç bir hədə-qorxusu dövlətimizi öz yolundan sapdıra bilməz”.

Azərbaycanın əsas müttəfiqinin Türkiyə və Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olduğunu deyən F.Ələkbərli qeyd etdi ki, Rusiya isə Azərbaycanın ondan çox uzaqda olduğunu görür və aqressiv davranaraq, həm də Ukraynadakı Azərbaycana aid neft bazalarını və sairi vurub. “Bu gün eyni zamanda Rusiyanın aqressiv siyasətinin hədəfi azərbaycanlılardır ki, onları qorxutmaqla nəyəsə nail olmaq istəyir. Bu represiya siyasətinin əsas mahiyyəti azərbaycanlıları qorxudub Rusiyadan çıxarmaqdır. Amma hesab edirəm ki, Rusiyanın bu siyasətinin ziyanı ən çox özünə dəyəcək. Biz vətənimizə bağlı insanlarıq və bizim üçün Azərbaycanın dövlət müstəqilliyi hər şeydən öndə gəlir”.

F.Ələkbərli qeyd etdi ki, Rusiyanın qəbul etdiyi yeni miqrasiya qanunun tətbiq ediləcəyi sentyabrın 1-i günü yaxınlaşdıqca bu dövlət soyadaşlarımıza qarşı bu cür repressiv hərəkətləri daha da gücləndirir.

İradə SARIYEVA

Избранный
7
baki-xeber.com

1Источники