RU

“Dünyada liderlik böhranı yaşanır, Azərbaycanın isə güclü lideri var”

  Son illər qlobal siyasət arenasında müşahidə olunan ən mühüm məqamlardan biri Avropa siyasi elitasının dərinləşən böhranıdır. Avropanın ənənəvi liderləri – Fransa, Almaniya və digər Qərb dövlətlərinin siyasi simaları uzun illər qlobal proseslərdə istiqamətverici rol oynasalar da, bu gün həmin dövlətlərdə liderlik boşluğu, qərarsızlıq və daxili çəkişmələr açıq şəkildə nəzərə çarpır. Avropa siyasi elitasının çöküşü artıq təkcə ekspert dairələrinin deyil, həm də beynəlxalq ictimaiyyətin gündəmindədir.

Almaniyada uzun müddət Angela Merkelin nizamlı və balanslaşdırılmış siyasətindən sonra hakimiyyətə gələn yeni nəsil siyasətçilərin zəifliyi özünü göstərdi. Olaf Şoltsun qərarsız, bəzən də ziddiyyətli mövqeləri Berlinin liderlik rolunu ciddi şəkildə kölgədə qoydu. Fransada isə Emmanuel Makron özünü “Avropanın lideri” kimi təqdim etməyə çalışsa da, daxildə sarı jiletlər hərəkatı, sosial-iqtisadi böhranlar və kütləvi etirazlar onun siyasi nüfuzunu sarsıtdı. İtaliya, İspaniya, Belçika və digər ölkələrdə də vəziyyət eynidir – parçalanmış siyasi sistemlər, tez-tez dəyişən hökumətlər və populist dalğalar.

ABŞ prezidenti Donald Trampın sərt ritorikası, qeyri-ənənəvi siyasi üslubu və populist, lakin kütlələrə təsir edən çıxışları Avropanın zəif liderlərinin fonunda daha da diqqət çəkir.  Trampın Avropa liderləri ilə birgə görüşündən yayılan foto müzakirələrə səbəb olub. Fotoda Tramp Avropa liderləri ilə eyni masa arxasında əyləşib. Lakin diqqəti çəkən məqam Trampın masanın bir tərəfində “müəllim” rolunda oturması, Avropanın prezident və baş nazirlərinin isə qarşı tərəfdə tələbə kimi düzülməsidir. Fotoda Avropa rəhbərlərinin üz ifadələri də maraqlı idi: bəziləri diqqətlə dinləyirdi, bəziləri isə kənara baxaraq narazı görünürdü. Amma ümumi mənzərə bir idi - Avropa liderləri qarşılarında oturan Trampı dinləmək məcburiyyətində qalmışdılar.

Maraqlı müqayisə isə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə ilə bağlıdır. Əgər ötən gün Avropa liderləri Trampın qarşısında tələbə kimi oturmuşdularsa, Azərbaycan Prezidenti 8 avqust tarixində onunla bərabərhüquqlu tərəfdaş kimi əyləşmişdi. Trampın yanında oturan İlham Əliyev heç bir kompleks və fərq hiss etdirmədən, tam bərabərhüquqlu tərəfdaş mövqeyində çıxış etdi. Onun davranışı, siyasi duruşu, qətiyyətli baxışları göstərirdi ki, əsl liderlik milli maraqları müdafiə etməkdən, dövlətçilik ənənəsini qorumaqdan keçir.



Referans xəbər verir ki  , mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb. Millət vəkili də qeyd edib ki, dünyada liderlik böhranı yaşandığı zamanda Azərbaycanın çox güclü lideri var:

“Hazırda beynəlxalq münasibətlər sistemində dərin bir liderlik problemi mövcuddur. Yaranmış münaqişələrin, müharibələrin səbəblərindən biri də mövcud liderlərin düzgün, uzaqgörən qərarlar qəbul edə bilməməsidir. Bu, xüsusilə Avropada daha qabarıq şəkildə özünü göstərir və demək olar ki, artıq böhran həddinə çatıb. Başqa sözlə desək, Avropada ciddi liderlik böhranı yaşanır. Biz bunu Trampın Avropa Birliyi liderləri ilə görüşündə də açıq-aydın gördük. Ona görə də lidersizlik bugünkü dünya nizamındakı xaosun əsas səbəblərindən biri sayılır.

Bizim isə bəxtimiz onda gətirib ki, tarixin bu mürəkkəb və ziddiyyətli mərhələsində çox güclü liderimiz var. Dəqiq qərarlar qəbul etmək, düzgün və uzaqgörən mövqe sərgiləmək, hansı qərarın nə vaxt qəbul olunacağını və nə zaman icra olunacağını müəyyənləşdirmək kimi yüksək liderlik keyfiyyətlərinə malik olan Prezidentimiz var. Bu şəxs Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.

Azərbaycan Prezidenti hər addımında yeni liderlik keyfiyyətlərini nümayiş etdirir. ABŞ Prezidenti ilə görüş zamanı da biz bir daha liderliyin əsl mahiyyətini gördük və bütün dünya da buna şahid oldu. ABŞ-ın özünəməxsus liderlik keyfiyyətləri var ki, bunun da əsas göstəricilərindən biri daxili inamdır. Avropa liderləri və digər dünya liderləri ABŞ Prezidenti ilə görüşərkən çox vaxt bu inam qarşısında aciz qalırlar. Lakin Azərbaycan Prezidenti ABŞ Prezidenti ilə görüşündə öz liderlik keyfiyyətlərinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Bu görüş sadəcə rəsmi protokol çərçivəsində deyil, dostcasına və səmimi ab-havada keçən, yaddaşlarda qalacaq bir hadisəyə çevrildi.

İndiyədək bir çox dövlət başçıları Trampın qarşısında əzilmiş və geri çəkilmiş vəziyyətdə görünürdülər. Amma Azərbaycan Prezidenti əsl dövlət başçısına xas bütün keyfiyyətləri nümayiş etdirərək, prezidentliyin necə olmalı olduğunu ortaya qoydu.

Sosial psixologiya izah edir ki, iki şəxs – xüsusən də iki lider – görüşəndə onların psixoloji enerjisi toqquşur. Əgər tərəflərdən birinin psixoloji enerjisi daha güclüdürsə bu, artıq əvvəlcədən onun üstünlüyünü şərtləndirir. Bu enerjini yaradan isə daxili inamdır – öz gücünə arxalanmaq, gördüyün işin doğruluğuna inanmaq, siyasi liderliyin mənbəyindən güc almaqdır. Bu mənbə isə xalqın sevgisidir, xalqın səsvermə ilə dəstəyidir, xalqına arxalanmaq bacarığıdır.

Azərbaycan Prezidentində bütün bu keyfiyyətlər mövcuddur. Ona görə də dövlət başçımız Avropa liderləri ilə müqayisədə tamamilə fərqli bir nümunə yaradır. Hesab edirəm ki, bu, siyasi liderliyin təsnifatında xüsusi öyrənilməli və araşdırılmalı mövzudur”.  

Избранный
45
referans.az

1Источники