Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dünya siyasətində son günlər diqqət mərkəzində ABŞ prezidenti Donald Trampın Alyaskada Rusiyalı lideri Vladimir Putinlə, Vaşinqtonda isə ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi görüşlər dayanır.
Görüşlər uzun müddət davam edən Rusiya-Ukrayna müharibəsi və qarşılıqlı qarşıdurma şəraitində həm regionun, həm də qlobal siyasi arena üçün yeni ümidlər və eyni zamanda risklər yaradır. Barışmaz mövqe tutan tərəflərin indiki yumşalma siqnalları göstərir ki, real danışıqlar və kompromislər mümkündür.
Rusiya və Ukrayna arasında davam edən münaqişə yalnız ərazi və hərbi məsələlərdən ibarət deyil. Bu, həm də geosiyasi balans, iqtisadi maraqlar və beynəlxalq təsir dairələrinin toqquşmasıdır. Alyaska və Vaşinqton görüşləri göstərdi ki, hər iki tərəf artıq əvvəlki qətiyyətli tələblərdən müəyyən qədər geri çəkilməyə hazırdır. Rusiya bəzi ərazi güzəştlərini nəzərdən keçirir, Ukrayna isə NATO üzvlüyü məsələsində realist mövqe sərgiləyir.
Yəni bu görüşlər yalnız hərbi və siyasi strateqiyanın təhlili deyil, həm də uzun müddət davam edən qarşıdurmanın yumşaldılması və mümkün sülh perspektivlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticələrindən asılı olaraq, yaxın günlərdə keçiriləcək ikitərəfli və üçtərəfli görüşlər sülh sazişinin imzalanması üçün əsas ola bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Trampın Rusiya və Ukrayna prezidentləri ilə Alyaskada və Vaşinqtonda keçirdikləri görüşlərdən sonra tərəflərin mövqelərində dəyişikliklər açıq şəkildə hiss olunur:
"Əvvəllər Rusiya qəti şəkildə tələb edirdi ki, Krım və dörd vilayət (Luqansk, Donetsk, Zaparoji və Xerson) inzibati sərhədləri çərçivəsində Rusiyaya verilsin. İndi isə tələblər yumşalaraq belə formalaşıb: Krım, Luqansk və Donetsk inzibati sərhədləri çərçivəsində, Zaparoji və Xerson isə cəbhə xətti nəzərə alınmaqla Rusiyaya verilməlidir. Yəni Zaparoji və Luqanskın tam inzibati sərhədləri ilə Rusiyaya birləşdirilməsi artıq tələb olunmur. Hətta Rusiya müəyyən ərazi güzəştlərinə də hazır olduğunu bəyan edib".
Onun sözlərinə görə, əvvəl Rusiyanın Ukrayna ordusunun sayı və texnikasının miqdarı ilə bağlı tələbləri vardı. Verilən bəyanatlar göstərir ki, bu məsələdə də yumşalma müşahidə olunur. Ukrayna tərəfi isə əvvəllər NATO üzvlüyü məsələsində prinsipial mövqe saxlayırdı. İndi Zelenski başa düşür ki, Ukraynanın yaxın 20-30 ildə NATO üzvü olması praktiki olaraq mümkün deyil. Ərazi güzəştlərinə qarşı çıxsa da, indi bu məsələni Putinlə müzakirə etməyə hazır olduğunu bildirib:
"Hər iki liderin güzəştlərə getməyə hazır olduqları məsələlər yalnız üzbəüz görüşlərdən sonra dəqiqləşəcək. Lakin aydındır ki, həm Rusiya, həm də Ukrayna prezidentləri barışmaz mövqelə sülh razılaşmasının asan olmayacağını anlayırlar".

Abutalıb Səmədov: Əvvəl Rusiyanın Ukrayna ordusunun sayı və texnikasının miqdarı ilə bağlı tələbləri vardı
Müsahibimiz qeyd edib ki, hər iki tərəfin problemləri artmaqdadır. Rusiyanın iqtisadi durumu ağırlaşır və ABŞ-nin tətbiq etdiyi sanksiyalar Putin üçün ciddi narahatlıq mənbəyidir. Görünür, Çin və Hindistan da Putini güzəştlərə çağırıb, buna görə Rusiya yumşaq mövqe nümayiş etdirir. Zelenskidə alternativ yoxdur; əgər ABŞ Ukraynaya dəstəyini dayandırsa, ölkənin vəziyyəti ciddi şəkildə pisləşə bilər:
"Yaxın günlərdə keçiriləcək ikitərəfli və üçtərəfli görüşlərdən sonra sülh sazişinin imzalanması mümkün ola bilər. Əks halda, Rusiya qəbulolunmaz tələblər irəli sürməyə davam edərsə, proses çətinləşəcək".
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.