İranın gələcəyi, mollaların zülmü ilə deyil, xalqın azad iradəsi ilə formalaşacaq...
Müəllif: İlkin Məmmədkərimov
Yaxın Şərqin ən repressiv rejimlərindən biri olan İran İslam Respublikası, quruluşundan bu yana yalnızca xalqına zülm etməklə kifayətlənməyib, eyni zamanda bölgəni sabitsizliyə sürükləyən ən vacib aktorlardan biri olmuşdur. Tehran rejimi illərdir Yaxın Şərqdə və yaxın ətraf bölgələrdə müxtəlif terror təşkilatlarına sponsorluq edir, onları silahlandırır və siyasi nüfuzunu artırmaq üçün bu təşkilatları bir vasitə kimi istifadə edir.
İranın “müqavimət oxu” adı altında yürütdüyü bu siyasət, əslində yalnız terror təşkilatlarına dəstək verməkdən ibarətdir. Hizbullahdan Husi hərəkatına, Həmastan müxtəlif milis qruplarına qədər geniş spektrdə terroru dəstəkləyən bu rejim, bölgədə sülh və sabitlik üçün ən böyük təhlükəni yaradır.
Bunun ən acı nümunələrindən biri İsrail ilə baş verən 12 günlük müharibədir. İranın dəstəklədiyi qruplar ağır məğlubiyyət aldı, yüzlərlə raket məhv edilə bilmədi və İsrail qarşısında böyük bir məğlubiyyət yaşandı. Lakin daha skandal olan odur ki, bu müharibə zamanı atılan raketlərin bəziləri hələ də bölgədən çıxarılmayıb. Hətta bu gün, bir uşağın bu partlamamış sursat səbəbindən həyatını itirdiyi xəbəri gəldi. Bu yalnız İranın məsuliyyətsizliyini deyil, eyni zamanda mülki şəxslərin həyatını heçə sayan ikiüzlü siyasəti də ortaya qoyur.
Ayətullah Xamenei və molla rejimi, bütün bu utancverici tablonun başlıca məsuludur. İsrail qarşısında alınan məğlubiyyət onların əsl gücsüzlüyünü ortaya çıxarmış, nüfuzlarını sarsıtmış və bütün təbliğat mexanizmasını boşuna çıxarmışdır.
Buna baxmayaraq, İran hələ də Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən çəkinmir. Halbuki rejimin əsl diqqət etməli olduğu şey, öz ölkəsindəki iqtisadi böhran, siyasi çökmə və cəmiyyətin rejimə qarşı artan qəzəbidir. İran, Azərbaycana barmaq sallamaq əvəzinə, əvvəlcə öz evinin içini qaydaya salmalıdır.
Əlavə olaraq, İran Fələstindəki müharibədə birbaşa məsuliyyət daşıyır. Fələstində ölmüş 62 mindən çox insanın ölümündə əsas qatil İrandır. İranın dəstəklədiyi Həmas, İsrailə qarşı hərəkət edir və bu qarşıdurmanı İran başlamışdır. Həmasın İsrailə hücum etdiyi vaxt The Wall Street Journal yazırdı ki, bu hücum üçün İran Həmas terror təşkilatına həftələrlə hərbi təlim keçib. Bölgədə aclıqdan ölmüş və öldürülmüş insanların hamısının məsuliyyəti əsasən İrandadır. Bu, İran rejiminin yalnız öz xalqına deyil, bütün bölgəyə qarşı nə qədər təhlükəli olduğunu göstərir.
Nəticə
İran Molla rejimi həm içəridə, həm də xaricdə iflas etmiş vəziyyətdədir. Xalq artıq bu rejimin repressiv idarəsindən bezmişdir, dünya isə İranın terrora sponsor olan və Fələstindəki qətliamda birbaşa məsul olan əsl simasını bir daha aydın görməyə başlamışdır. İsrail qarşısında yaşanan utancverici məğlubiyyət, üstəlik hələ də partlamamış raketlərin mülki şəxslər üçün təhlükə yaratması, bu rejimin nə qədər məsuliyyətsiz olduğunu sübut edir. İranın gələcəyi, mollaların zülmü ilə deyil, xalqın azad iradəsi ilə formalaşacaq.
Poliqon.info