RU

Microsoft İsrail ordusu ilə əməkdaşlıq etdiyi üçün tənqid olunur

BAKI, AzerVoice, Nərmin Ağayeva

“Microsoft”un qərargahı qarşısında İsrail ordusu ilə əməkdaşlığa dair etiraz aksiyası keçirilib.

AzerVoice xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Microsoft”un Vaşinqton ştatındakı mərkəzi ofisi qarşısında əməkdaşlar və fəallar tərəfindən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şirkəti İsrail ordusu ilə əməkdaşlıqda ittiham ediblər.

Məlumata görə, “Apartheid üçün Azure yoxdur” adlı qrupun təşkil etdiyi etiraz zamanı iştirakçılar çadırlar qurub, pankartlar açaraq şirkətin İsraillə müqavilələrini ləğv etməsini tələb ediblər. Həmçinin Microsoft-un binalarından birinə “Şəhid Fələstinli Uşaqları Plaza” yazılmış banner asılıb, ərazi sosial mediada “Azad edilmiş zona” kimi təqdim olunub.

Etirazçılar açıqlamalarında Microsoft-un texnologiyalarının Qəzzada son 22 ayda fələstinlilərin bombalanması və qətliamında istifadə olunduğunu iddia ediblər. Onlar şirkət rəhbərlərini də müzakirələrə qoşulmağa çağırıblar.

Qeyd edək ki, Microsoft-un bəzi işçiləri bundan əvvəl də şirkətin İsrail ilə əməkdaşlığına qarşı çıxıblar. Apreldə keçirilən 50 illik yubiley tədbirində AI rəhbəri Mustafa Süleymanın çıxışı əməkdaş İbtihal Əbusəd tərəfindən etirazla yarımçıq kəsilmişdi. Bundan əlavə, 2025-ci ilin əvvəlində “Associated Press”in apardığı araşdırmada Microsoft və OpenAI-nin süni intellekt modellərinin İsrail hərbi proqramlarında hədəf seçimi üçün istifadə olunduğu bildirilmişdi.

Избранный
16
turkic.world

1Источники