RU

Azərbaycanlılar Rusiyada bir neçə gəlirli sahədə işləmək hüququndan məhrum edilə bilər - 1 sentyabr...


Akif Nəsirli: “Azərbaycanlı işçilər peşə dəyişikliyi edərək tikinti, yol, enerji sektoruna üz tuta bilərlər, ya da…”

Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlara yeni məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə rus mediası məlumat yayıb. Yeni qaydalara əsasən, patentlə çalışan miqrantlar artıq topdan və pərakəndə ticarət, eləcə də nəqliyyat vasitələri və motosikletlərin təmiri sahəsində işləyə bilməyəcəklər.

Qeyd edək ki, son 5 il ərzində Yamalda miqrantların sayı azalıb. Bu ilk dəfə deyil ki, onlar üçün məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Məhdudiyyətlərin birinci hissəsi aprelin 28-də, ikinci hissəsi isə iyunun 1-də təqdim edilib. Ən əhəmiyyətlisi bu il sentyabrın 1-də qüvvəyə minəcək.

Qeyd edildiyi kimi, miqrantlar sentyabrın 1-dən etibarən topdan və pərakəndə ticarət sahələrində çalışa bilməyəcək. Məlumdur ki, Rusiyada olan azərbaycanlı miqrantlar əsasən topdan və pərakəndə ticarət sektorunda çalışır. Azərbaycanlı miqrantların fəaliyyətlərinin məhdudlaşdırılması həm onların ailə büdcəsinə, həm də Azərbaycana göndərilən pul köçürmələrinə mənfi təsir göstərəcək. Belə bir qadağanın tətbiqindən sonra azərbaycanlılar kütləvi şəkildə geri dönəcək, ya işləmək üçün başqa bir ölkəyə üz tutacaq?

“Hazırda Yamal bölgəsində minlərlə azərbaycanlı məhz mağazalarda satıcı kimi çalışır, bu qadağa qüvvəyə mindikdən sonra patentlə həmin işdə işləyənlər qanunsuz statusa düşəcək”

Iqtisadçı ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sentyabrın 1-dən Yamalo-Nenets Muxtar Dairəsində (Rusiya Federasiyası) Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarına, topdansatış, pərakəndə ticarət, avtomobil və motosikllərin təmiri kimi sahələrdə işləmək qadağan olunacaq: “Məlumat üçün deyim ki, bu yalnız “patentlə işləyən” (müvəqqəti iş icazəsi ilə çalışan) miqrantlara aiddir. Daimi yaşayış icazəsi və ya Rusiya vətəndaşlığı olanlara şamil olunmur. Danılmaz faktdır ki, Rusiyada azərbaycanlı işçilər az deyil. Hazırda Yamal bölgəsində minlərlə azərbaycanlı məhz mağazalarda satıcı, avtomobil təmiri ustası, avtonəqliyyat xidməti işçisi kimi çalışır. Bu qadağa qüvvəyə mindikdən sonra patentlə həmin işdə işləyənlər qanunsuz statusa düşəcək. Onlar ya peşəsini dəyişməli, ya da başqa regiona köçməli olacaqlar. Qadağan edilən sahələrdən kənarda, məsələn, tikinti, kənd təsərrüfatı, məişət xidməti, ictimai iaşə, anbar işləri kimi sahələrdə işləmək mümkün olacaq”.

Ekspert hesab edir ki, azərbaycanlı işçilər peşə dəyişikliyi edərək tikinti, yol, enerji sektoruna üz tuta bilərlər. Yamalda bu istiqamətdə daim işçi qüvvəsinə tələbat var: “Rusiya iqtisadiyyatının, daxili ticarətinin sütunu miqrantlardır. Onlarsız Rusiyanı təsəvvür etmək mümkün deyil.Bu gün həm digər etnik qruplara, həm də azərbaycanlılara qarşı təzyiqlər davam edir. Bu təzyiqlərə görə də həmin miqrantların fəaliyyəti iflic olur. Bunun nəticəsində də məhsul qıtlaşır. Bazara məhsul çıxaran şəxslər sıxışdırılır, həbs olunursa, təbii ki onun biznesi də dayanacaq”.

Günel CƏLİLOVA

Избранный
94
baki-xeber.com

1Источники